İQTİSADİYYAT
“Şahdəniz Mərhələ 2” üzrə ümumi işlərin 83 faizdən çoxu tamamlanıb
Bakı, 18 noyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında “Şahdəniz Mərhələ 2” layihəsi uğurla irəliləməyə davam edib. Hazırda layihə üzrə işlərin - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 83 faizdən çoxu tamamlanıb və ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.
“BP-Azerbaijan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər görülür.
Sentyabr ayında layihə mühüm bir hadisəni qeyd edib – “Şahdəniz Mərhələ 2” üçün tikilən iki platformadan birinin dayaq bloku Bakı Dərin Özüllər Zavodundan dənizdə quraşdırılmaq üçün yola salınıb. Hasilat və Dikborular (HDB) platformasının dayaq blokunun daşınması, suya endirilməsi və yerləşdirilməsi işləri artıq təhlükəsiz şəkildə başa çatdırılıb, payaların üzərinə quraşdırılması işləri isə davam edir.
“İsrafil Hüseynov” boru düzən gəmisi “Şahdəniz”in şimal və qərb cinahlarındakı dörd sualtı axın xəttinin hamısının inşasını başa çatdırıb və hazırda qalan 32 düymlük qaz ixrac xətlərinin inşasını həyata keçirir. Bu işlər 2017-ci ilin birinci rübünədək davam edəcək.
“Xankəndi” sualtı tikinti gəmisinin istismara verilməsi üçün hazırlıq işləri yaxşı irəliləyir. Sentyabr ayında gəminin əsas mühərrikləri işə salınıb. Bu yeni gəmi tam hazır olduqda “Şahdəniz-2” sahəsinə aparılaraq sualtı qurğuların tikintisini icra edəcək.
Bu ilin üçüncü rübündə Azərbaycanda 24 mindən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub ki, onların da 80 faizdən çoxu Azərbaycan vətəndaşıdır.