İQTİSADİYYAT
“Şahdəniz”də planlaşdırılmış profilaktik işləri aparılacaq
Bakı, 15 avqust, AZƏRTAC
“Şahdəniz”in illik iş proqramının bir hissəsi olaraq avqust ayında “Şahdəniz Mərhələ 1” platformasında, Səngəçal terminalındakı “Şahdəniz” qurğularında və Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemində planlaşdırılmış profilaktik işlər proqramı həyata keçiriləcək.
Bu barədə AZƏRTAC-a “Şahdəniz” yatağının işlənməsi layihəsinin əməliyyatçısı BP şirkətindən məlumat verilib.
Bildirilib ki, plana əsasən “Şahdəniz Mərhələ 1” platformasından hasilat bu il avqust ayının 14-dən başlayaraq təxminən 14 gün ərzində dayandırılacaq ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Bundan əlavə, proqrama “Şahdəniz Mərhələ 1” və “Mərhələ 2” qurğuları arasında keçid xətti üçün birləşdirmələr, Gürcüstanda birinci nasos stansiyasındakı qaz ölçü və təhvilvermə qurğusunun yenidən qurulması kimi müxtəlif layihə işləri də daxildir.
Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın hazırlığına 2016-cı ildən başlanmışdır və proqram üzrə həyata keçirilən işlər 2017-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması da bu ilin hasilat planına daxil olunub.
“Azəri-Çıraq-Günəşli” (AÇG) platformalarının hamısından – “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Çıraq”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” platformalarından hasilat, Səngəçal terminalının AÇG və İlkin Neft Layihəsi hissələri, həmçinin Bakı-Tbilisi-Ceyhan vasitəsilə ixrac əməliyyatları normal davam edəcək.
“Bu planlaşdırılmış proqramlar müntəzəm inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür”, - deyə BP-nin məlumatında bildirilir.