İDMAN
Sahib Ələkbərov: Bu, təkcə Maksimin yox, bütün komandanın uğurudur
Bakı, 5 may, AZƏRTAC
“Tour d’Azerbaidjan-2016” veloyürüşünün ikinci mərhələsi başa çatdıqdan sonra Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
- Biz hər zaman uğur qazanacağımıza inanırıq. Dünən komanda hesabında “Synergy Baku” ikinci oldu, bu gün isə birinci yerə çıxdı. Həmçinin Maksim Averin finişi birinci keçdi. Buna görə qürur duyuruq.
- Dağlıq yolların üstünlük təşkil etdiyi yürüşdə velosipedçilərimizin daha yaxşı çıxış etdiyini görürük. Bu, mayın 6-dakı mərhələ üçün də ümidverici məqam sayıla bilərmi?
- Deməzdim ki, marşrutun böyük hissəsində dağlıq ərazilərdən keçəcəyik. Əsas dağ mərhələsi Pirquluya gedən yol hesab olunur. Düşünürəm ki, idmançılarımız orada da sözünü deyə biləcəkər. Biz bütün mərhələlərdə velosipedçilərimizin uğurla çıxış edəcəyini gözləyirik.
- Fərdi mübarizədə hansı velosipedçimizin yekunda öndə olacağını düşünürsüz?
- Burada daha çox komanda yarışı gedir. Vaxta görə yarışmada fərdi mübarizə ön plana çıxır. Bu mərhələlərdə isə kimisə fərqləndirmək olmaz. Hər mərhələdə komanda bir nəfər üçün işləyir, onu irəli aparır. Bu təkcə Maksimin yox, bütün komandanın uğurudur.
- Təşkilati işlər sizi qane edirmi?
- Təşkilat Komitəsinin sədri kimi bu suala cavab verməyə çətinlik çəkirəm. Müəyyən fikir səsləndirsəm, təvazökarlıqdan kənara çıxmış olaram. Təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təşkil olunub. İlk iki mərhələdə hər hansı problemlə üzləşməmişik. Hesab edirəm ki, bu, çox yaxşı haldır.
- Bölgələrdə velosiped idmanını inkişaf etdirmək üçün hansı tədbirlər görülür?
- Bu istiqamətdə 2-3 ildir ki, ciddi işlər aparırıq. Amma səviyyəli velosipedçinin yetişməsi üçün azı 7 il vaxt lazımdır. Komandamızın adı “Synergy Baku Cycling Project”dir, yəni, bu, velosiped layihəsidir. Burada yalnız komandanın qarşısına vəzifə qoyulmayıb ki, yarışlarda iştirak edərək qələbələr qazansın. Məqsədlərimizdən biri də gənc velosipedçiləri yüksək səviyyəyə çatdırmaqdan ibarətdir. 23 yaşadək velosipedçilər arasında yüksək nəticələrə imza atmış idmançılarımız var. Onlardan Samir Cəbrayılov, Kənan Qəhrəmanlı və Elgün Əlizadənin adını çəkə bilərəm. Artıq bu ildən S.Cəbrayılov böyüklərin qrupuna keçir. İki ildən sonra bu velosipedçilər əsas heyətdə yer alacaq. Bu, bizim üçün prioritet məsələdir.
- İsmayıllıda istifadəyə veriləcək velosiped zavodunda sırf idman velosipedləri istehsal olunacaqmı?
- Bu, kommersiya layihəsidir. İsmayıllı rayon rəhbərliyi ilə bu mövzuda söhbətimiz oldu. Dedilər ki, zavod bu il istifadəyə veriləcək. Ancaq yaranmış maliyyə problemlərinə görə açılış bir qədər yubanır. Zavodda işlərin böyük hissəsi başa çatıb, avadanlıqlar gəlib. İki-üç aya zavodun fəaliyyətə başlayacağı gözlənilir. Orada uşaq velosipedi, ən yüksək səviyyəli idman velosipedləri istehsal olunacaq. Buraya həm dağ, həm də trek velosipedləri daxildir.