SİYASƏT


Sahibə Qafarova: Qaçqın və məcburi köçkün məsələsində Azərbaycanın zəngin təcrübəsi bütün Avropa ölkələrinə yaxşı nümunədir

Strasburq, 28 iyun, AZƏRTAC

AŞPA-nın yay sessiyasında bir günün yalnız miqrant və qaçqınlar mövzusuna həsr edilməsi təsadüfi deyil. Gün ərzində mövzu ilə bağlı 4 məruzə dinlənilib və müzakirə olunub. Miqrant və qaçqın problemi bu gün bütün dünyada, eləcə də Avropada ən ağrılı problemlərdəndir.

Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova AZƏRTAC-a müsahibəsində bildirib.

Sahibə Qafarova deyib:” Qaçqın və məcburi köçkün məsələsi Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Ermənistanın hərbi təcavüzü nəticəsində artıq 25 ildir ki, ölkəmiz qaçqın və məcburi köçkün problemi ilə üzləşib. Azərbaycan hökuməti doğma yurdlarından didərgin düşən vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirir.

Qaçqın və məcburi köçkün məsələsində Azərbaycanın zəngin təcrübəsi var və o, bütün Avropa ölkələri üçün yaxşı nümunə ola bilər. Ancaq ölkəmizin üzləşdiyi qaçqın və məcburi köçkün məsələsini birdəfəlik, kökündən həll etmək üçün Azərbaycanın işğal altındakı torpaqları azad edilməli və doğma yurdlarından didərgin düşən soydaşlarımız öz evlərinə qayıtmalıdır”.

“Bu gün fürsətdən istifadə edib Ermənistanın işğalçı siyasəti ilə bağlı faktları Avropa parlamentarilərinə bir daha çatdırdıq”,-deyə Sahibə Qafarova vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.