İQTİSADİYYAT
Sahibkar: Subsidiyaların verilməsi bizim işimizə dəstəkdir
Bakı, 2 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin sahibkarlığın inkişafı istiqamətində verdiyi tapşırıqlar Azərbaycan iqtisadiyyatının çiçəklənməsinə xidmət edir.
Bunu AZƏRTAC-a müsahibəsində Qəbələ rayonunda üzümçülük və şərabçılıqla məşğul olan “Aspi-Agro” MMC-nin nümayəndəsi Cahangir Şəfizadə deyib. “Üzümçülük və şərabçılığın inkişaf etdirilməsinə dair dövlət proqramı, sahibkarlara subsidiyaların verilməsi bizim işimizə dəstəkdir. Biz ölkə iqtisadiyyatının inkişafına öz töhfəmizi vermək üçün bu imkanlardan yararlanırıq. İstehsalı artırmaq, fəalıyyəti genişləndirmək yeni iş yerlərinin açılması deməkdir. “Aspi-Agro” MMC-nin əsas məqsədi respublikada geniş yayılmış və qədim tarixə malik şərabçılıq sahəsinin əvvəlki şöhrətinin bərpa edilməsi və Azərbaycan süfrəsinin dünyanın ən gözəl, yüksək keyfiyyətli üzüm növləri və şərab çeşidləri ilə təmin olunmasıdır. Müəssisəmiz öz fəaliyyətində müasir texnologiyanın tətbiqinə və Azərbaycan şərabçılarının ənənələrinə əsaslanaraq, üzümün yetişdirilməsindən yüksək keyfiyyətli şərab və konyak məhsullarının buraxılışınadək tam bir istehsal prosesini özündə birləşdirir”, - C.Şəfizadə bildirib.
Prezident İlham Əliyevin sahibkarlara göstərdiyi qayğının iş adamları tərəfindən yüksək qiymətləndirildiyini söyləyən sahibkar bildirib, bu qayğı onlara öz fəalıyyətlərini genişləndirmək üçün bir stimuldur.