İQTİSADİYYAT
Sahibkara 1,3 min manat maliyyə sanksiyası tətbiq edilmişdir
Bakı, 28 aprel (AZƏRTAC). Nəsimi rayonu, 2-ci mikrorayon, H.Əliyev küçəsi, ev 3, mənzil 31 ünvanında Asif Bağırova məxsus mağazada yoxlama aparılmışdır. Nəticədə müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçının adı, ünvanı, müəllif və ya əlaqəli hüquqlar barədə məlumatlar göstərilməmiş pirat audiovizual məhsulların satıldığı müəyyən olunmuşdur.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinin pozulması faktı əsasında iş qaldırmışdı.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sahibkar Asif Bağırova 1,3 min manat maliyyə sanksiyası tətbiq edilmişdir.