İQTİSADİYYAT
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının beynəlxalq əlaqələri genişlənir
Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev yenidən Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresinin şura sədrinin müavini seçilib.
ASK-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasi Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası uzun müddətdir Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresi ilə əməkdaşlıq edir. Son illər ASK-ın beynəlxalq əlaqələri xeyli genişlənib.
Konfederasiyanın əməkdaşları ötən müddət ərzində bir sıra beynəlxalq təşkilatların, o cümlədən Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresinin bütün şura, rəyasət heyəti iclaslarında, Rusiya Sənayeçilər və Sahibkarların qurultaylarında, habelə onların təşkil etdikləri beynəlxalq konfranslarda fəal iştirak ediblər.
Moskvada Rusiya Sənayeçi və Sahibkarlar İttifaqının 25 illik yubileyi keçirilib. Beynəlxalq sahibkarlığın inkişafında fəal iştiraka və verdiyi töhfələrə görə konqresin şura iclasında ASK-ın prezidenti Məmməd Musayev yenidən şura sədrinin müavini seçilib.
Qeyd edək ki, ASK-ın təklifi ilə Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresinin 2011-ci ildəki illik şura iclası Bakıda keçirilib. ASK-ın ev sahibliyi ilə böyük müvəffəqiyyətlə keçirilən tədbirdə 25 ölkədən 100-dən yuxarı yüksək səviyyəli iş adamları və hakimiyyət orqanlarının nümayəndələri iştirak ediblər.