İQTİSADİYYAT
Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin iclasında özəl sektorun inkişafı istiqamətində həyata keçirilən islahatlardan danışılıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin növbəti iclasında ölkədə özəl sektorun inkişafı istiqamətində həyata keçirilən islahatlardan, həmçinin müstəqilliyimizin 25 illiyi ilə bağlı tariximizdən söhbət açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Azərbaycanda sahibkarlığın inkişafındakı yeni mərhələdə qəbul olunmuş qanun, fərman və digər sənədlərin icrası vəziyyəti və bununla əlaqədar ASK-nın qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib. M.Musayev qeyd edib ki, son vaxtlar ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı mühüm qərarlar qəbul edilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə çoxsaylı tapşırıqlar verilib. Konfederasiya rəhbərliyi, Rəyasət Heyətinin üzvləri və icra aparatının üzvləri ölkə rəhbərliyinin verdiyi tapşırıqların icrasında fəal iştirak edir, həmin tədbirlərdə Konfederasiyanın rolunun daha da artırılması məqsədəuyğundur.