REGİONLAR


Sahibkarlar Tovuz rayonuna ilin sonunadək 10 milyon manat  sərmayə qoyacaq

Tovuz, 21 iyul, Famil Quliyev, AZƏRTAC

Cari ilin birinci yarım ilində Tovuz rayonunda keçən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulu istehsalının həcmi 22,1 faiz, əsas kapitala yönəlmiş vəsaitlər 90,3 faiz, nəqliyyat sektorunda yük daşınması 2,8 faiz, rabitə xidmətlərinin həcmi 10,8 faiz, pərakəndə ticarət dövriyyəsi 17,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 13,7 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu rəqəmlər iyulun 21-də Tovuz Rayon İcra Hakimiyyətində cari ilin altı ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən şura iclasında rayon icra hakimiyyəti başçısı Tofiq Zeynalovun məruzəsində səsləndirilib.

Məruzədə qeyd olunub ki, 6 ayda kənd təsərrüfatı sahəsində məhsul istehsalı 6,9 faiz artıb. Ümumilikdə, rayon üzrə 207 min 621 ton kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 min 423 ton çoxdur. Xüsusilə rayonda baramaçılığın inkişafı diqqət mərkəzində saxlanılıb. Ötən il 1560 kiloqram barama istehsal edən kümçülər cari mövsümdə bu rəqəmi 6 min 870 kiloqrama çatdırıblar. Tütün sahələri 2,5 dəfə artırılaraq 50 hektara çatdırılıb. Ötən il tütün sahələrindən 3 min 140 kiloqram məhsul götürülüb və tütün emalı müəssisəsinə satılıb. Bu il isə sahələrdən 100 ton quru tütün götürülməsi planlaşdırılıb. Hazırda tütün yığımına başlanılıb və 50 tondan çox yaş kütlə tədarük edilib. Tütünçülük sahəsində 200 nəfərdən çox işçi çalışır.

Eyni zamanda, bu il rayonun 28 kəndində 410 hektar şəkər çuğunduru əkilib. Hazırda çuğundur sahələrində becərmə və suvarma işləri aparılır. Aqrotexniki tədbirlərin gedişinə müntəzəm nəzarət olunur. Orta məhsuldarlıq normasına uyğun olaraq, hər hektardan 50 ton olmaqla, 20 min tondan çox məhsul gözlənilir.

Diqqətə çatdırılıb ki, cari ilin məhsulu üçün rayonda 20 min 376 hektar sahədə dənli bitkilər əkilib. Dənlilərin 19 min 526 hektarı ərzaq buğdasıdır. Ötən illə müqayisədə dənli bitkilərin əkin sahələri 2 dəfə, o cümlədən ərzaq buğdası əkini 1,9 dəfə artıb. Bugünkü vəziyyətə 15 min 376 hektar taxıl sahəsində biçin aparılıb, 53 min 51 ton məhsul götürülüb. Bu da, ötən ildəkindən 20 min 113 ton çoxdur.

Məruzədə bildirilib ki, rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması istiqamətində lazımi işlər aparılır. İxrac məhsullarının həcmi ötən ildəkinə nisbətən xeyli artıb. Belə ki, indiyədək 5 min tondan çox yerkökü, istixana şəraitində yetişdirilmiş 3 min tondan çox pomidor, 1000 ton meyvə və giləmeyvə xarici ölkələrə ixrac olunub.

Hesabat dövründə əvvəlki illə müqayisədə ət istehsalı 1,1 faiz, süd istehsalı 17,5 faiz, yumurta istehsalı 2,5 faiz, yun istehsalı 0,6 faiz artıb. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədi ilə 297 baş heyvan süni yolla mayalandırılıb və 6 ay ərzində süni mayalama yolu ilə 199 baş buzov doğulub.

Qeyd olunub ki, Ceyrançöl ərazisində 1000 başlıq heyvandarlıq kompleksi üçün 550 hektar torpaq sahəsi ayrılıb və artıq kompleksin tikintisinə hazırlıq işlərinə başlanılıb. Kompleksdə 100 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulur. Rayonda özəl sərmayə qoyuluşu hesabına Ceyrançöl qışlağında 550 hektar sahədə aqroparkın yaradılması, Düz Cırdaxan kəndində xalçaçılıq müəssisəsi, Düz Qırıqlı kəndində bitki dərmanları anbarı və satışı bazası, Alakol və Düz Cırdaxan kəndlərində 2 soyuducu anbar, Hunanlar kəndində 2 hektar sahədə günəş enerjisi ilə işləyən müasir istixana, Aşağı Quşçu kəndində və Qovlar şəhərində hər biri 100 başlıq qapalı heyvandarlıq kompleksinin tikintisi nəzərdə tutulur. Bütün bu işlərin yerinə yetirilməsinə ilin sonunadək təqribən 10 milyon manat özəl vəsait yatırılacaq.

Tikinti-quruculuq işləri cari ilin altı ayında da davam etdirilib. Hazırda Tovuz və Qovlar şəhərlərində 20 çoxmənzilli binada təmir işləri aparılır. Artıq 10 binada təmir-bərpa işləri başa çatıb. Ağacqala, Qandallar və Lazılar kəndlərində modul tipli məktəb binalarının quraşdırılması işlərinə başlanıb və yeni dərs ilinədək başa çatdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.