REGİONLAR


Sahibkarlar ölkədə yaradılan əlverişli biznes mühiti  barədə məlumatlandırılıblar

Yevlax, 7 iyul, AZƏRTAC

İyulun 7-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Yevlax şəhərində yerləşən Aran Regional İnkişaf Mərkəzində “Sahibkarlığın inkişafı üçün həyata keçirilən islahatlar, sahibkarların maraqlarının müdafiəsi” mövzusunda regional konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində aparılan islahatlar barədə sahibkarların maarifləndirilməsi məqsədilə keçirilən tədbirdə İqtisadiyyat, Ədliyyə nazirliklərinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, sahibkarlar iştirak ediblər.

İqtisadiyyat Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, bu istiqamətdə kompleks dövlət dəstəyi tədbirləri davam etdirilir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və ödənilən rüsumların məbləğinin dəfələrlə azaldılması, lisenziya və icazələrin alınması prosedurlarının sadələşdirilməsi, sahibkarların hüquqlarının qorunması ilə bağlı apellyasiya şuralarının yaradılması, investisiyaların təşviqinin artırılması məqsədilə vergi və gömrük güzəştlərinin tətbiqi, qeyri-neft ixracının təşviqi ilə bağlı ixrac təşviqinin ödənilməsi, dövlət satınalmalarında aparılan təkmilləşdirmələr bu istiqamətdə görülən işlərə əyani misaldır.

Yevlax Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Qənimət Qaraşov çıxışında Yevlaxda yaradılan yeni infrastruktur obyektləri, istehsal və xidmət müəssisələri barədə məlumat verib. Qeyd edilib ki, sahibkarlığın inkişafına göstərilən diqqət, sahibkarların maarifləndirilməsi tədbirləri hər bir bölgədə olduğu kimi, Yevlaxda da fəaliyyət göstərən iş adamlarının hüquqlarının səmərəli müdafiəsinə zəmin yaradır.

İqtisadiyyat Nazirliyinin nümayəndələri Xalid Balakişiyev və Kənan İsgəndərov sahibkarların hüquqlarının müdafiəsi sahəsində mövcud qanunvericilik bazası, investisiya təşviqi sənədinin alınması üçün müraciət qaydası, tələb olunan sənədlər və investisiya təşviqi sənədinin verilməsi, Ədliyyə Nazirliyinin nümayəndəsi Novruz Əşrəfov isə yoxlamaların elektron uçotu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nin məqsəd və prinsipləri, əhəmiyyəti barədə məlumat veriblər.

Tədbirdə sahibkarlarla müzakirələr aparılıb, onların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.