İQTİSADİYYAT
Sahibkarlara dörd mindən artıq lisenziya verilib
Bakı, 8 iyun, AZƏRTAC
Sahibkarlıq subyektlərinə 4 mindən çox lisenziya verilib. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 2015-ci il 19 oktyabr tarixli Fərmanına uyğun olaraq, 2015-ci il noyabrın 2-dən etibarən lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsinə başlanılıb.
Qeyd edilən tarixdən keçən müddətdə sahibkarlıq subyektlərinə 4 mindən çox lisenziya verilib. Bu lisenziyaların 2200-dən çoxu yeni verilib, 1800-ü isə müddətsiz lisenziya ilə əvəz edilən lisenziyalardır.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir.
Azərbaycan Respublikası Prezidentinin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli Fərmanının qüvvəyə mindiyi gün qüvvədə olan lisenziyalar müddətsiz hesab edilir.
Cari ilin ötən dövründə sahibkarlara 660 lisenziya verilib. Bunun 450-si yeni verilib. 210 lisenziya isə müddətsiz lisenziya ilə əvəz edilib.
Lisenziyalar əsasən, əczaçılıq, özəl tibb, tikinti-quraşdırma işləri, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, baytarlıq preparatlarının satışı, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, yanğından mühafizə, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, təhsil və s. fəaliyyət sahələrinə verilib.