İQTİSADİYYAT
Sahibkarların Almaniyada ixtisasartırma kursunda iştirakı məqsədilə müsabiqə keçirilir
Bakı, 20 yanvar, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədrisi Mərkəzi "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində sahibkarların və menecerlərin 2017-ci ildə Almaniyada "İqtisadi kooperasiya" üzrə 1 ay müddətində ixtisasartırma kursunda iştirakı məqsədilə müsabiqə elan edir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, proqramın məqsədi Azərbaycandan olan şirkət nümayəndələrinin Almaniyada ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrinin qurulmasına, peşəkar və mədəni dünyagörüşünün genişlənməsinə şərait yaratmaqdır.
İxtisasartırma kurslarının iqtisadi kooperasiya (bütün sahələr üzrə, ingilis dilində olan bu proqramın müddəti may-iyun aylarını əhatə edir), kənd təsərrüfatında iqtisadi kooperasiya mövzularında keçirilməsi nəzərdə tutulur. Proqramın müddəti 2017-ci ilin noyabr-dekabr aylarını əhatə edir. Proqramın dili rus dilidir.
Namizədlərə aşağıdakı tələblər irəli sürülür: ali təhsil (bakalavr və ya magistr dərəcəsi); menecment sahəsində azı 1 il iş təcrübəsi; yaşı 45-dən çox olmamalı; ingilis və ya rus dillərini bilməli (Proqramın dilindən asılı olaraq).
Almaniyada keçiriləcək ixtisasartırma kursu aşağıdakı mərhələlərdən ibarətdir: treninqlər (praktiki idarəetmə vərdişlərinin qazanılması); şirkətlərdə praktiki təcrübə (qrup və ya fərdi halda təcrübə keçmək, işgüzar əlaqələr yaratmaq).
İxtisasartırma kursları zamanı Almaniyada qalmaq xərclərini və təhsil haqqının ödənilməsini alman tərəfi öz öhdəsinə götürür. Yol xərci iştirakçıların təmsil etdiyi təşkilat və ya namizədlər tərəfindən ödənilir.
Fevralda Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssislərinin iştirakı ilə namizədlərin seçilməsi üzrə müsabiqə keçiriləcək.
Sənədlər fevralın 20-dək İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzində qəbul ediləcək.