İQTİSADİYYAT
Sahibkarlığa Kömək Milli Fondunun ötən il üzrə maliyyə fəaliyyəti müsbət qiymətləndirilib
Bakı, 28 aprel, AZƏRTAC
"PraysvoterhausKupers" beynəlxalq audit şirkəti tərəfindən İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun ötən il üzrə maliyyə hesabatlarının auditi keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, audit zamanı fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib.
Beynəlxalq audit şirkəti tərəfindən verilmiş rəyə əsasən, Sahibkarlığa Kömək Milli Fondunun 2014-cü il üzrə maliyyə fəaliyyəti müsbət qiymətləndirilib, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq aparıldığı müəyyən olunub.
Qeyd edək ki, 7 ildir ki, beynəlxalq audit şirkətləri tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun maliyyə hesabatlarının auditi aparılır.