İQTİSADİYYAT
Sahibkarlıqda xüsusi razılıq tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Sahibkarlıqda xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, onların verilməsi prosedurları sadələşdirilib və lisenziyalar “ASAN xidmət” mərkəzləri tərəfindən verilir.
AZƏRTAC xəbər verir ki, bunu “vergiler.az” saytına müsahibəsində Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə Baş İdarəsinin rəisi Elçin Bəylərov deyib.
Onun sözlərinə görə, lisenziyalar müddətsiz verilməklə regionlarda dövlət rüsumlarının ödənilməsinə 50 faizədək güzəştlər tətbiq olunub. Regionlardakı vergi ödəyicilərinin sadələşdirilmiş vergini Bakıda fəaliyyət göstərən vergi ödəyiciləri kimi 4 faiz deyil, 2 faiz dərəcəsi ilə ödəmələri onların fəaliyyətlərini stimullaşdırmaq məqsədi daşıyır.
O, həmçinin xatırladıb ki, ilin əvvəlindən ticarət və ictimai iaşə sektorunda çalışan vergi ödəyicilərinin fəaliyyəti üçün əlverişli biznes mühitinin yaradılması məqsədilə Vergi Məcəlləsinə dəyişiklik edilərək, ticarət və ictimai iaşə sahəsində dövriyyəsi 200.000 manatdan yuxarı olan sahibkarlara öz seçimləri əsasında sadələşdirilmiş vergi ödəyicisi hüququ verilib.