CƏMİYYƏT
Sahibsiz heyvanlara sahib çıxaq!
Bakı, 10 avqust, AZƏRTAC
Avqustun 10-da Beynəlxalq Mətbuat Mərkəzində sahibsiz heyvanların probleminə, heyvanlar üçün sığınacaqlar yaradılmasına həsr edilmiş mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən heyvansevər Yelena Simakina son iki ildə ölkəmizdə heyvanların qorunması və populyasiyasının tənzimlənməsi sahəsində mövcud vəziyyətdən danışıb, onların artımı ilə əlaqədar öz təkliflərini söyləyib. Onun dediyinə görə, bu işi başlı-başına buraxmaq olmaz, təbii seleksiya isə vəziyyəti nəzarətdə saxlamaq üçün yetərli deyil. 2016-cı ilin dekabrında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə mərkəz inşa edilməsi bu sahədə həyata keçirilən ən uğurlu işlərdən biridir. Özünün üç illik təcrübəsinə əsaslanan gənc heyvansevər mərkəzin rayonlarda filiallarının yaradılmasının və heyvansevərlərin fəallığı nəticəsində sığınacaqsız və sahibsiz fauna nümayəndələrinin həyatını xilas etməyin mümkün olduğunu söyləyib.
Pirallahı rayonundakı Baytarlıq İdarəsinin rəisi Məmməd Yusubov qeyd edib ki, indi 2010-cu illə müqayisədə əməliyyat olunan heyvanların sayı xeyli azalıb. O, daha sonra deyib: “Əslində heyvanlara tibbi qayğı göstərilməsi üçün böyük mərkəzlərin yaradılmasına ehtiyac yoxdur. Bir neçə il əvvələ qədər həmin məqsədlə ayrı-ayrı rayonlarda mobil çadırlar qurulur, təxminən bir ay ərzində ərazidə olan sahibsiz heyvanlar üzərində əməliyyat aparılır, bir neçə gün karantin zonasında qalandan sonra onların həyatı üçün təhlükəsiz yerə buraxılırdılar. Mobil briqada heyvanların mühafizəsi üçün ən yaxşı üsuldur və belə çadırların qurulmasına heyvanların çox olduğu ərazilərdən başlamaq lazımdır”.
Bakı şəhər Baytarlıq İdarəsinin Müalicə-Profilaktika Şöbəsinin aparıcı baytar həkimi Anar Babayev öz çıxışında heyvanlara quduzluğa qarşı edilən peyvəndlərdən danışıb. Qeyd olunub ki, sahibsiz heyvanlardan keçən xəstəliklər sırasında quduzluq ən təhlükəlisi sayılır. Bununla yanaşı, heyvanlar vasitəsilə exinokokk və göbələk kimi xəstəliklərə yoluxmaq təhlükəsi də var.
Sonda mətbuat konfransında iştirak edən heyvansevərlər media nümayəndələrinin suallarını cavablandırıblar.