RƏSMİ XRONİKA


Sahil küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanışlıq VİDEO

A+ A

Sumqayıt, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Sumqayıtın Sahil küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Sahil küçəsinin yenidən qurulması son illərdə Sumqayıtda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərin ardıcıl xarakter aldığını göstərir. Yenidən qurulan Sahil küçəsi Sumqayıtın yol-nəqliyyat infrastrukturunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevə küçənin yenidən qurulması çərçivəsində görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, burada yenidənqurma işləri müasir səviyyədə və qısa vaxtda aparılıb. Küçənin uzunluğu 7,5 kilometrdir. Mövcud yol 1980-ci illərin əvvəllərində salınıb. Burada təmir-tikinti işlərinə ötən ilin noyabrında başlanılıb. Yolun eni orta hesabla 8 metrdən 13 metrə qədər genişləndirilib. Yolun 4 min metrinə “Azəryoltikinti” ASC, 3500 metrinə isə daxili imkanlar hesabına asfalt örtüyü döşənib.

Yolboyu hər iki tərəfdə əhalinin sərbəst hərəkəti üçün səkilər salınıb, bir çox yerlərdə istirahət guşələri yaradılıb, dekorativ ağac və gül kolları əkilib. Təhlükəsizlik məqsədilə istinad divarları, hasarlar yenidən tikilərək aqlay daşlarla üzlənib. Küçədə yerləşən obyektlər təmir olunub, yolboyu işıqlandırma sistemi yenidən qurulub. Bu yolda Sumqayıt şəhərində ilk dəfə olaraq, velosiped sürmək üçün xüsusi hərəkət zolağı salınıb. Sahil küçəsində aparılan yenidənqurma işləri həm avtomobillərin rahat hərəkətini, həm də piyadaların təhlükəsiz gediş-gəlişini təmin edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır