CƏMİYYƏT
“Sahil” ticarət mərkəzində yanğın baş vermişdir [YENİLƏNİB] VİDEO
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, binanın üçüncü mərtəbəsində ümumi sahəsi 2000 kvadratmetr olan ticarət mərkəzində mağazalar və geyim malları 800 kvadratmetr sahədə yanmışdır.
Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən binadan 37 nəfər təxliyə olunmuşdur. Üçüncü mərtəbənin qalan hissəsi, ticarət mərkəzinin birinci və ikinci mərtəbələri və yuxarı mərtəbələrdəki mənzillər yanğından mühafizə olunmuşdur.
Alov saat 11:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
X X X
12:08
“Sahil” ticarət mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və vasitələrinin köməyi ilə tam söndürülmüşdür.
Bu barədə AZƏRTAC-ın hadisə yerində olan müxbirinə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev məlumat vermişdir.
Nazir müavini demişdir ki, bu gün saat 09:48-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonundakı “Sahil” ticarət mərkəzində yanğın hadisəsinin baş verməsi haqqında məlumat daxil olmuşdur. Yanğınla bağlı üçüncü dərəcəli çağırış elan edilmişdir. FHN-nin texnikası dərhal hadisə yerinə cəlb olunmuş və alov bir saat yarım ərzində tam söndürülmüşdür.
E.Mirzəyev bildirmişdir ki, yanğın 1500 kvadratmetr sahəni əhatə etmişdir. Yanğın zamanı heç bir xəsarət alan olmamışdır. Hadisənin ilkin səbəbləri araşdırılır. Tədqiqat işləri başa çatdıqdan sonra ətraflı məlumat veriləcəkdir.
X X X
11:32
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov AZƏRTAC-ın hadisə yerində olan müxbirinə demişdir ki, yanğın zamanı ciddi xəsarət alan olmamışdır.
X X X
11:02
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hadisə yerinə nazirliyin müvafiq qüvvə və vasitələri cəlb olunmuşdur.
Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
X X X
10:05
Bakı, 12 mart (AZƏRTAC). Paytaxtın Səbail rayonundakı “Sahil” ticarət mərkəzində yanğın baş vermişdir.
Yanğın ticarət mərkəzinin üçüncü mərtəbəsində başlamışdır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunmuşlar.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.