İQTİSADİYYAT


Sahilboyu yeni Novxanı-Pirşağı avtomobil yolunun tikintisi davam etdirilir

Bakı, 2 may, AZƏRTAC 

“Azəravtoyol” ASC Abşeron yarımadasının şimal hissəsində 12,7 kilometr uzunluğunda yeni Novxanı-Pirşağı avtomobil yolunun tikintisi işlərini davam etdirir.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sahil yolu bəzi ərazilərdə mövcud yol genişləndirməklə, bəzi ərazilərdə isə yeni tras üzrə inşa olunur. Layihəyə uyğun olaraq, iki hərəkət zolağından ibarət yolun hərəkət hissəsinin eni 7,5 metr, hər bir istiqamət üzrə bərkidici zolaqların eni 0,75 metrdir. Avtomobil yolunun kənarı ilə 1,5 metr enində piyada səkilərinin də tikintisi aparılır.

Hazırda yolda torpaq işləri həyata keçirilir, yol əsasının inşası və buna paralel olaraq asfaltlanma işləri görülür. Ümumilikdə 115 min kvadratmetr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, yol boyu 50 min poqonmetr səki daşının düzülməsi nəzərdə tutulur. Tikinti işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətləri çəkiləcək.

Məlumatda qeyd olunur ki, yeni avtomobil yolu Sumqayıt-Corat-Novxanı avtomobil yolunu yeni Dənizkənarı dairəvi yola birləşdirəcək və bununla da Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissəsinə rahat və maneəsiz gediş-gəlişi təmin edəcək. Yeni yolun çəkilməsi Bakının avtonəqliyyat sıxlığının azalmasına da müsbət təsir göstərəcək.

Xatırladaq ki, Sumqayıt-Bakı-Aeroport istiqamətində tikilmiş yeni yollar qəsəbələrarası yolları da birləşdirəcək. Buraya Novxanı-Pirşağı avtomobil yolunun üzərində yerləşən kənd və qəsəbələr, o cümlədən Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayi, Novxanı, Masazır və Corat qəsəbələri daxildir.

Hazırda Novxanı-Pirşağı avtomobil yoluna birləşən və uzunluğu 14 kilometr olan Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi aparılır. Tikinti işləri cari ildə başa çatdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.