SİYASƏT


Şahin İsmayılov: Ermənistan silahlı qüvvələrinin 2 yaşlı uşağı qətlə yetirməsi Xocalıda törədilən soyqırımının davamıdır

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və mülki obyektləri atəşə tutması erməni təxribatının növbəti mərhələsidir. Bu məsələdə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Ermənilər mülki əhalini hədəfə almaq siyasətini davam etdirirlər. Baxmayaraq ki, müxtəlif beynəlxalq təşkilatlarda, platformalarda ermənilər özlərinin “günahsız” imicini formalaşdırmağa çalışırlar. Amma onların cəbhəyanı ərazidə yerləşən mülki obyektlərə zərbələr endirməsi və nəticədə dinc sakinlərin, xüsusilə körpə uşağın öldürülməsi müharibə qanunlarına, insanlığa, beynəlxalq hüquqa sığmır.

Bu fikirləri Milli Məclisin deputatı Şahin İsmayılov AZƏRTAC-a açıqlamasında bildirib.

Ş.İsmayılov qeyd edib: “Biz Xocalıda da dinc sakinlərin, xüsusilə uşaqların həlak olması, Qarabağ müharibəsində kütləvi şəkildə uşaqların qətlə yetirilməsi, onlara qarşı zorakılığın şahidi olmuşuq. Eyni zamanda, atəşkəsdən sonrakı dövrdə ermənilərin müxtəlif oyuncaqların içərisinə partlayıcı maddələr yerləşdirərək çaylarla Azərbaycan tərəfinə axıdılmasını və nəticədə uşaqların zərər görməsi, snayper gülləsindən qətlə yetirilməsini də gördük. Ermənistan silahlı qüvvələrinin ardıcıl və davamlı şəkildə ağır silahlardan atəş açmaları nəticəsində 2 yaşlı uşağın qətlə yetirilməsi Ermənistan hökumətinin qaniçən zehniyyətinin növbəti məhsulu, Xocalı faciəsi zamanı törətdiyi amansız qətliam siyasətinin davamıdır. Bu, bəşəriyyət əleyhinə qanlı cinayətdir”.

Deputat bildirib ki, Ermənistanın dinc əhaliyə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyalarının və ona 1 saylı Əlavənin, həmçinin uşaq, eləcə də insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair konvensiyaların ciddi şəkildə pozulmasıdır.

“Bütün beynəlxalq ictimaiyyət bu cinayəti qınamalı, qəti mövqe ortaya qoymalıdır. Azərbaycanın ərazi bütövlüyü qısa müddətdə bərpa edilməli, BMT başda olmaqla bütün beynəlxalq təşkilatlar öz vəzifələrini yerinə yetirməlidirlər. İnanıram ki, cəbhədə baş verən bu təxribatların qarşısı indiyə qədər necə alınıbsa, bundan sonra da alınacaq, Azərbaycan ordusu öz hərbi qüdrətini bu məsələdə ortaya qoyacaq”, - deyə deputat vurğulayıb.

Ş.İsmayılov qeyd edib ki, Ermənistanın hərbi-kriminal rəhbərliyi öz uğursuzluqlarını, o cümlədən gənclərin kütləvi şəkildə ölkəni tərk etmələrini, onların kütləvi şəkildə hərbi xidmətdən boyun qaçırmalarını, eyni zamanda, aprel döyüşlərindəki məğlubiyyəti belə çirkin, amansız və insanlığa sığmayan cinayətlərlə bir növ ört-basdıq etməyə çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.