İQTİSADİYYAT
Şahin Mustafayev: 2017-2020-ci illərdə turizm sektorunun orta hesabla 7,4 faiz artacağı proqnozlaşdırılır
Bakı, 6 dekabr, Elvin Camalov, Tərgül Ağayeva, AZƏRTAC
2017-2020-ci illərdə turizm sektorunun orta hesabla 7,4 faiz artacağı proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin dekabrın 6-da keçirilən plenar iclasında deyib.
Ş.Mustafayev bildirib ki, xidmətlər sektorunda artım 2017-ci ildə 2,2 faiz, növbəti illərdə isə 2,3 faiz proqnozlaşdırılır. Turizmin inkişafı, onun iqtisadiyyatın rəqabətədavamlı sahəsinə çevrilməsi istiqamətində son illər görülən işlər, turistlərin tələbatının ödənməsi üçün zəruri xidmətlərin təşkili, elektron vizaların verilməsi, xarici vətəndaşların ölkəyə daxil olduqda ödədikləri ƏDV-lərin qaytarılması mexanizminin tətbiqi, ölkədə beynəlxalq tədbirlərin keçirilməsi ölkəyə turist cəlbinə şərait yaradır.
Nazir qeyd edib ki, informasiya və rabitə sektorunda 2017-ci ildə 6,7 faiz, növbəti illərdə isə orta hesabla 5 faiz artım gözlənilir.
2017-ci ildə nəqliyyat sektorunda 2,9 faiz, növbəti illərdə isə 4 faiz artımın gözlənildiyini bildirən Ş.Mustafayev deyib: “Böyük potensiala malik nəqliyyat sektorunda orta və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, o cümlədən, Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Mülki Hava və Dəniz Nəqliyyatı Donanmasının yenilənməsi nəqliyyat sektorunda artıma imkan yaradacaq. Bununla yanaşı “Şimal-Cənub” və “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizləri üzrə işlər davam etdiriləcək. Bildirim ki, İran sərhədində dəmir yolunun inşası başa çatdırılıb, hazırda sınaqlar keçirilir. Ölkənin tranzit cəlbediciliyinin artırılması və tranzit yükdaşımaları üzrə daha əlverişli şərait yaradılması baxımından sərhəd-keçid prosedurları və qaydaları sadələşdirilib, tranzitlə bağlı xərclər azaldılıb, tarif siyasətində şəffaflıq təmin edilib. Nəticədə ölkə ərazisindən keçən tırların sayı ötən illə müqayisədə 2,4 dəfə çox olub”.
Ş.Mustafayev qeyd edib ki, qeyri-neft sektorunun inkişafında əhəmiyyəti olan Azad Ticarət Zonasının yaradılmasına da başlanılıb. Tikinti sektorunda isə investisiyaların azalması nəticəsində 20 faiz azalma gözlənilir. Görülən işlər nəticəsində gələn il bu azalmada səngimə müşahidə olunacaq.
O deyib ki: “Həmçinin növbəti il neft sektoruna 9,7 milyard manat, qeyri-neft sektoruna 5,6 milyard manat investisiya qoyuluşu gözlənilir. Gələn il bir sıra infrastruktur layihələri davam etdiriləcək. Bakı Beynəlxalq Ticarət Limanının, Ələt-Astara avtomobil yolunun tikintisi, kənd yollarının təmiri, sosial layihələr həyata keçiriləcək. Dövlətimizin başçısının xüsusi tapşırığına uyğun olaraq nəzərdə tutulan bütün sosial layihələr davam etdiriləcək. Belə ki, bir sıra xəstəxana, məktəb və uşaq bağçalarının təmir-tikintisi başa çatdırılacaq. Təhsil Nazirliyinin hazırladığı iki illik proqrama əsasən ölkənin bölgələrində qəzalı və azkomplektləşdirilmiş məktəblərin təmir-tikintisi və yenidənqurulması işləri maliyyələşdiriləcək”.
Cari ildən tətbiq olunan investisiya təşviqi mexanizminin özəl investisiyaların artımına ciddi töhfə verəcəyini bildirən nazir qeyd edib ki, indiyədək sahibkarlara səkkiz iqtisadi rayon üzrə 79 investisiya təşviqi sənədi verilib və hazırda daha 14 layihəyə baxılır. Ümumilikdə, investisiya təşviqi sənədi verilmiş bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 900 milyon manatdan çox investisiya yatırılacaq və 6 mindən çox iş yeri açılacaq.