İQTİSADİYYAT
Şahin Mustafayev: Minskdə yaradılan Azərbaycan Ticarət Evi sahibkarlarımız üçün Belarus bazarına açılan bir pəncərədir
Minsk, 27 may, Laçın Sultanova, AZƏRTAC
Minskdə fəaliyyətə başlayan Azərbaycan Ticarət Evi Azərbaycan sahibkarları üçün Belarus bazarına açılan bir pəncərədir.
AZƏRTAC bildirir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Minskdə Azərbaycan jurnalistlərinə müsahibəsində deyib.
Son zamanlar Azərbaycanda qeyri neft sektorunun çox böyük uğurla inkişaf etdiyini bildirən nazir bildirib ki, Azərbaycan artıq yüksəkkeyfiyyətli, rəqabətədavamlı məhsullar istehsal edir və həmin məhsulların xarici bazarlara ixrac edilməsi ölkə başçısının iqtisadi qurumlar qarşısında qoyduğu əsas məsələlərdən biridir.
Nazir bildirib ki, xarici ölkələrdə Ticarət Evlərinin yaradılması “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsulların ixracını təşkil etmək istiqamətində atılan ən önəmli addımlardan biridir.
Minskdə açılan Ticarət Evinin Azərbaycanın xaricdə yaradılan ilk Ticarət Evi olduğunu deyən nazir Azərbaycanla Belarus arasında əlaqələrin bütün sahələrdə çox yüksək səviyyədə olduğunu söyləyib.
Xarici ölkələrdə Azərbaycan Ticarət evlərinin yaradılması və ticarət nümayəndələrinin təyin olunması ilə bağlı hökumətin gələcək planlarına dair sualı cavablandıran nazir Şahin Mustafayev bildirib ki, növbəti Ticarət Evinin Rusiyanın paytaxtı Moskva şəhərində yaradılması üçün hazırlıq işləri aparılır. Nazir Rusiyanın digər şəhərlərində və Ukraynada da belə Ticarət Evlərinin yaradılmasının planlaşdırıldığını deyib. “Azərbaycanın xarici ölkələrdə ilk ticarət nümayəndəsi Rusiyaya təyin olunub. Növbəti təyinat Çinə olacaq”, - deyən nazir Körfəz ölkələri və Avropa ölkələri üzrə ticarət nümayəndələrinin də təyin olunması məsələsinin gündəmdə olduğunu söyləyib.