İQTİSADİYYAT


Şahin Mustafayev: Özəl sektora dəstəyin davam etdirilməsi prioritetdir

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Özəl sektora dəstəyin davam etdirilməsi prioritetdir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikir iqtisadiyyat naziri Şahin Mustafayevin Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Cənubi Qafqaz, Moldova və Belarus üzrə direktoru Bruno Balvanera ilə görüşündə səsləndirilib.

Görüşdə Azərbaycan və AYİB arasında əməkdaşlıq, ölkəmizdə aparılan iqtisadi islahatlar, iqtisadiyyatın prioritetləri barədə müzakirələr aparılıb, AYİB-in Azərbaycandakı daimi nümayəndəliyinin yeni rəhbəri İvana Duarte Azərbaycan tərəfinə təqdim olunub.

Nazir Şahin Mustafayev yeni vəzifəyə təyin olunması münasibətilə İvana Duarteni təbrik edib, fəaliyyətinin Azərbaycan-AYİB əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Azərbaycan və AYİB arasındakı səmərəli və uzunmüddətli əməkdaşlığın olduğunu diqqətə çatdıran Şahin Mustafayev bankın ölkəmizdə özəl sektorun inkişafına göstərdiyi dəstəyi xüsusi vurğulayıb. Qeyd olunub ki, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində Azərbaycanda geniş islahatlar həyata keçirilir və özəl sektora dəstəyin davam etdirilməsi prioritetdir. Şahin Mustafayev Cənub Qaz Dəhlizi layihəsini, bu yaxınlarda Ələtdə Azad Ticarət Zonasının yaradılması üçün Birləşmiş Ərəb Əmirlikləri şirkətinin məsləhətçi qismində prosesə cəlb edildiyini, ölkəmizin tranzit yükdaşımalarının artırılmasında maraqlı olduğunu, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində tədbirlərin davam etdirildiyini qeyd edib, AYİB-lə əməkdaşlığın inkişafı perspektivlərinə dair fikirlərini bölüşüb, infrastruktur layihələrinin reallaşdırılmasına və biznesin inkişafına AYİB-in dəstək göstərməsinin əhəmiyyətini vurğulayıb.

AYİB-in Cənubi Qafqaz, Moldova və Belarus üzrə direktoru Bruno Balvanera Azərbaycanda iqtisadi sahədə, o cümlədən sahibkarlığın inkişafı, gömrük, özəlləşdirmə və digər sahələrdə aparılan islahatlardan məmnunluğunu bildirib, bankın bu addımları dəstəklədiyini diqqətə çatdırıb. AYİB ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini, ölkə iqtisadiyyatının müxtəlif sahələrində bir sıra layihələrin icrasına maliyyə dəstəyi göstərildiyini qeyd edən Bruno Balvanera həyata keçirilən layihələrə və əməkdaşlıq imkanlarına dair fikirlərini bildirib.

AYİB-in Azərbaycandakı daimi nümayəndəliyinin yeni rəhbəri İvana Duarte Azərbaycanda fəaliyyətə başlamasının ölkədə iqtisadi sahədə ciddi islahatların aparıldığı dövrə təsadüf etdiyini qeyd edib və AYİB-Azərbaycan əməkdaşlığının inkişafı istiqamətində işlərin davam etdiriləcəyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.