İQTİSADİYYAT
Şahin Mustafayev: Ümummilli lider Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində Azərbaycan iqtisadiyyatını şaxələndirmişdi
Bakı, 26 noyabr, Ceyhun Rüstəmov, AZƏRTAC
Hələ ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev Azərbaycan iqtisadiyyatını şaxələndirmişdi. Bu dövrdə sənayenin inkişafına irihəcmli vəsaitlər yönəldildi, bir sıra iri sənaye müəssisələri quruldu, sənayenin diversifikasiyası sürətləndi.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev noyabrın 26-da Bakıda işə başlayan “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda Beynəlxalq sənaye konfransının panel sessiyasında məlumat verib.
Nazir Şahin Mustafayev vurğulayıb ki, 1980-ci illərin əvvəllərində keçmiş SSRİ-də məişət kondisionerlərinin, dərinlik nasoslarının hamısı, digər neft mədən avadanlığının 70 faizi, şərab məhsullarının üçdə bir hissəsi, elektrik mühərriklərinin 12 faizi, elektrik-qaynaq avadanlığının 10 faizi, soyuducuların 6 faizi Azərbaycanda istehsal edilirdi. Müstəqilliyin ilk illərində ölkədə baş vermiş siyasi-iqtisadi böhran, Ermənistanın Azərbaycana hərbi təcavüzü iqtisadiyyatın digər sahələrində olduğu kimi sənayedə də tənəzzülə səbəb oldu, sənaye istehsalının həcmi və çeşidi azaldı.
Nazir qeyd edib ki, sənayenin yenidən canlanma mərhələsi ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra imzalanan “Əsrin müqaviləsi” ilə başladı. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən anti-böhran tədbirləri qısa müddətdə ölkədə siyasi-iqtisadi sabitliyin bərqərar olması və 1997-ci ildən başlayaraq sənaye istehsalının artması ilə nəticələndi. Sənaye müəssisələrinin özəlləşdirilməsi həyata keçirildi, bazar iqtisadiyyatı institutları yaradıldı, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan, TRASECA layihələrinin əsası qoyuldu.