ELM VƏ TƏHSİL
“Şahin” hərbi-idman oyunlarının rayon mərhələsi başa çatıb
Bakı, 19 aprel, AZƏRTAC
Bakı şəhəri üzrə ümumi təhsil müəssisələri şagirdlərinin iştirakı ilə keçirilən “Şahin” hərbi-idman oyunlarının rayon mərhələsi başa çatıb. Yarışda hər bir komandanın tərkibi 14 nəfər olmaqla VIII və X sinif şagirdləri iştirak ediblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, komandalar yarışın səkkiz mərhələsi üzrə qüvvələrini sınayıb və hər bir komanda beşballıq sistem üzrə qiymətləndirilib.
Yarışın nəticələrinə görə, Nəsimi, Xəzər, Nizami, Suraxanı, Yasamal, Qaradağ, Səbail, Xətai, Nərimanov, Binəqədi, Sabunçu rayonları üzrə 23,117, 220, 280, 31, 228, 49,138, 291, 100, 74 nömrəli tam orta məktəblərin komandaları birinci yerə layiq görülüb.
Rayon mərhələsinin qalibi olan məktəblərin komandaları aprelin 29-da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçiriləcək Bakı şəhər birinciliyində iştirak hüququ qazanıb.
“Şahin” hərbi-idman oyunları Təhsil, Gənclər və İdman, Müdafiə, Fövqəladə Hallar, Mədəniyyət və Turizm nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə təsdiqlənmiş əsasnaməyə uyğun olaraq keçirilir.
Oyunların keçirilməsinin məqsədi yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsidir.