İDMAN
“Şahinlər” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib
Bakı, 27 aprel, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Şahin” hərbi idman və turizm oyununun paytaxt üzrə zona mərhələsi keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, yarışda paytaxtın 11 rayon komandası ilə yanaşı, Zəngilan, Şuşa və Laçın rayonlarının ümumtəhsil məktəblərinin təmsilçiləri də birincilik uğrunda mübarizə aparıblar.
Gənclər və İdman, Təhsil və Müdafiə nazirliklərinin nümayəndələrinin, şagirdlərin valideynlərinin iştirak etdikləri tədbirdə çıxış edənlər gənc nəslin xalqa, dövlətə sədaqət, vətənpərvərlik ruhunda yetişməsində, onların mənəvi-psixoloji və fiziki hazırlığında “Şahinlər” hərbi idman və turizm oyununun əhəmiyyətindən danışıblar.
Yarışda “Şahinlər” müxtəlif sınaqlardan keçməklə bacarıqlarını nümayiş etdiriblər.
Yekun nəticələrə görə Nizami, Xətai və Suraxanı rayonlarının məktəbliləri müvafiq olaraq ilk üç yeri tutublar. Qalib komandalar Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıblar. Qalib komandalara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim edilib.