İQTİSADİYYAT


Sahir Məmmədxanov: Həyata keçirilən vergi siyasəti ölkədə biznes mühitinin təkmilləşdirilməsinə xidmət edir

A+ A

Bakı, 9 iyul, AZƏRTAC 

Azərbaycanda həyata keçirilən vergi siyasəti ölkədə biznes mühitinin təkmilləşdirilməsinə xidmət edir. Vergilər Nazirliyi bu mühitin daha da yaxşılaşdırılması istiqamətində ictimai təşkilatlarla müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir, vergi mühitinin liberallaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi dərəcələrinin optimallaşdırılması məqsədilə qanunvericiliyə hər hansı dəyişikliklər edilərkən ölkədə fəaliyyət göstərən yerli və xarici biznes strukturlarının, onların ictimai təşkilatlarının rəyini nəzərə almağa, hər bir təklifə diqqətlə yanaşmağa çalışır.

Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC –a bildirilib ki, bu fikirlər vergilər nazirinin birinci müavini Sahir Məmmədxanovun Amerika Ticarət Palatasının (“AmCham”) nümayəndələri ilə görüşündə səsləndirilib.

S. Məmmədxanov son dövrlərdə Azərbaycanın vergi sistemində aparılan islahatlar və bu sahədə əldə olunan uğurlar haqqında qonaqlara məlumat verib, ölkəmizdə fəaliyyət göstərən bir çox aparıcı xarici və yerli şirkətləri təmsil edən bu qurum ilə mütəmadi olaraq işgüzar görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Diqqətə çatdırıb ki, sahibkarlıq subyektlərinin biznes fəaliyyətinin daha səmərəli və çevik təşkili üçün son illər ərzində vergi qanunvericiliyi və inzibatçılığında bir sıra dəyişikliklər edilib. Vergi hesabatlarının elektron qaydada təqdim olunması, e-VHF sisteminin, vahid ƏDV depozit hesabının, vergi orqanı ilə banklar arasında onlayn inteqrasiyanın tətbiqi, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatı, “ASAN imza”nın tətbiqi ilə vergi ödəyicilərinin öz bəyannamələrini elektron qaydada göndərməsi, nağdsız hesablaşmaların genişləndirilməsi və s. vergi orqanı ilə vergi ödəyicilərinin fəaliyyətlərinin səmərəliliyini əhəmiyyətli şəkildə artırıb.

Qeyd olunub ki, vergi orqanları tərəfindən göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədilə 56 xidmət mərkəzi yaradılıb və 60 adda elektron xidmət istifadəyə verilib.

Nazirin birinci müavini deyib ki, qanunvericiliyə edilmiş ən son dəyişikliklərə əsasən, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsi 200.000 manatdan artıq olduğu halda ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ verilib, ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların həcmi 120.000 manatdan 200.000 manatadək, ƏDV qeydiyyatının ləğvi üçün vergi tutulan əməliyyatların həcmi isə 60.000 manatdan 100.000 manatadək artırılıb.

Eyni zamanda, sahibkarların investisiya təşviqi sənədini almış investisiya fəaliyyətini həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar əlavə dəyər vergisindən, əmlak və torpaq vergilərindən, o cümlədən həmin sənədi aldığı tarixdən əldə etdiyi gəlirin (mənfəətin) 50 faizi məbləğində gəlir və mənfəət vergilərindən 7 il müddətinə azad edilib.

“AmCham”ın prezidenti İlqar Vəliyev təmsil etdiyi təşkilat ilə Vergilər Nazirliyi arasındakı əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib.

Vurğulanıb ki, Azərbaycan iqtisadiyyatının hər bir sahəsində fəal olan yüzlərlə xarici və yerli şirkəti özündə birləşdirən “AmCham” ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin olmasında maraqlıdır. Qurum tərəfindən artıq 5-ci ildir ki, vergi tərəfdaşlığı mövzusunda müxtəlif tədbirlər keçirilir, vergitutma sahəsində aktual olan mövzular üzrə müzakirələr aparılır, konkret təkliflər irəli sürülür.

Görüşdə Azərbaycan hökumətinin iqtisadiyyatın müxtəlif sahələrini inkişaf etdirmək üçün atdığı müsbət addımlar, o cümlədən biznes mühitinin təkmilləşdirilməsi və ölkədə aparılan vergi siyasəti ilə bağlı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.