REGİONLAR
Şahkamal İsmayılov: “Qəbələdə istirahətimiz, əylənməyimiz və maariflənməyimiz üçün lazımi şərait yaradılıb”
Qəbələ, 20 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
“Tur-aksiya çox maraqlı keçir. Vətənimizin təbiəti bizi valeh edir. Səfər çərçivəsində qədim tarixi abidələri ziyarət etdik, Qəbələnin görməli yerlərini gəzdik, istehsal müəssisələri və turizm obyektləri ilə tanış olduq, müasir binaları seyr etdik. Xüsusən də qədim Qəbələ şəhərinin xarabalıqları, keçmişi və müasir dövrdə sürətlə inkişafı məndə yüksək təəssürat yaratdı”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Tovuz rayonu Əhmədabad kənd tam orta məktəbin IX sinif şagirdi Şahkamal İsmayılov deyib. Tur-aksiyanın əhəmiyyətini olduqca yüksək qiymətləndirən Şahkamal İsmayılov qeyd edib ki, Qəbələyə səfər zamanı onların istirahətinin mənalı təşkili, əylənməsi və maariflənməsi üçün lazımi şərait yaradılıb.
“Bizə məlumat verilib ki, tur-aksiya çərçivəsində Qəbələ şəhərində Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə 11 rayondan 440 məktəblinin iştirakı ilə “Nə? Harada? Nə zaman?” adlı intellektual oyun təşkil olunacaq. Mən rayonumuzu təmsil edən şagirdlərlə birgə bu yarışa ciddi hazırlaşmışam və ümid edirəm ki, bizim komanda mükafat qazana biləcək”.
O, məktəbli dostları ilə birgə Qəbələ, Şəki və Zaqatalaya səfər təəssüratlarının zəngin olduğunu qeyd edib, tur-aksiyanın təşkilatçılarına minnətdarlığını bildirib.