İDMAN
Şahmat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandaların kapitanları müəyyənləşib
Bakı, 11 avqust, AZƏRTAC
Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandaların kapitanları müəyyənləşib.
Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kişi şahmatçılardan ibarət əsas milli komandanın kapitanı Aleksey Dreyev olacaq. Rusiya yığmasının heyətində üç dəfə (1992-ci, 1994-cü və 1996-cı illərdə) Olimpiya çempionu olan A.Dreyev 1997-ci və 2005-ci illərdə komandalar arasında dünya birinciliyinin qalibi adını qazanıb.
Əslən Bakıdan olan İsrail şahmatçısı Emil Sutovski və Azər Mirzəyev isə müvafiq olaraq, kişi şahmatçılardan ibarət ikinci və üçüncü komandalara kapitan təyin olunub.
Qadınların əsas komandasına Fikrət Sideifzadə rəhbərlik edəcək. Sərxan Quliyev və Rəsul İbrahimov ikinci və üçüncü yığmalarda çalışacaqlar.
Mötəbər yarışda Azərbaycanı 3 kişi və 3 qadın komandası təmsil edəcək. Azərbaycanın əsas yığma komandaları hazırda Qəbələdə son hazırlıq mərhələsində iştirak edir.
Kişilərdən ibarət birinci komandada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli və Arkadi Naydiç yer alıblar. İkinci komandanın tərkibinə isə Vasif Durarbəyli, Namiq Quliyev, Qədir Hüseynov, Nicat Abasov və Ülvi Bacarani daxil ediliblər. Üçüncü komanda isə Nail Bəşirli, Məhəmməd Muradlı, Vüqar Əsədli, Pərviz Qasımov və Abdulla Qədimbəylidən ibarətdir.
Qadın şahmatçılardan ibarət birinci komandanın heyətinə Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Aydan Höccətova, Gülnar Məmmədova və Nərmin Kazımova cəlb olunub. İkinci komandada Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və Nərmin Xələfova yer alıblar. Üçüncü komandanın heyətində isə ölkəmizi Nərmin Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva və Aynur Kətanova təmsil edəcəklər.
Bakı Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Olimpiadanın oyunları “Baku Crystal Hall”da keçiriləcək.