İDMAN
Şahmat dünyasının tarixi eksponatları Bakıda nümayiş olunacaq
Bakı, 27 avqust, AZƏRTAC
Sentyabrın 1-dən 14-dək Bakıda keçiriləcək 42-ci Dünya Şahmat Olimpiadası çərçivəsində Rusiyanın Şahmat Muzeyi tərəfindən sərgi təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, Olimpiadanın tamaşaçılarına “Bakı Kristal Hall”da təşkil olunacaq sərgidə iştirak etmək üçün unikal imkan yaradılır. Bu sərgidə nadir eksponatlar, həmçinin müxtəlif tarixi yarışlardan vintaj plakatlar nümayiş olunacaq.
Sərgidə hind çaturanqa, İran satranc oyunları üçün dəst, Luis adasında morj dişindən düzəldilən şahmat dəsti, Kral I Çarlz üçün fil sümüyündən hazırlanan orta əsrlərə aid şahmat dəsti, buryat şahmat dəsti və digər çoxsaylı eksponatlar təqdim ediləcək.
Qeyd edək ki, 1956-cı il avqustun 18-də Moskvanın Qoqol bulvarında əsas Şahmat Mərkəzi açılıb. 24 il sonra isə Şahmat Mərkəzinin binasında dünyada ilk şahmat muzeyi açılıb. Muzey eksponatlarının bir hissəsini keçmiş SSRİ-nin tanınmış şahmat kolleksioneri peterburqlu Vyaçeslav Dombrovskinin kolleksiyası təşkil edib. Kolleksiya 40 il ərzində yığılıb və yalnız şahmat dəstlərindən deyil, həmçinin rəsm, heykəl və plakatlardan ibarətdir.
Muzeyin birinci direktoru, sənətşünas Nataliya İvanovanın və şahmat tarixçisi, qrossmeyster Yuri Averbaxın “Şahmatnıy vestnik” və “Şahmatı v Rossii” jurnallarında dərc olunan məqalələri şahmatsevərləri ən maraqlı eksponatlar ilə tanış edəcək.
Kolleksiyanı, həmçinin nadir antikvar eksponatlar da fərqləndirir. Misal üçün, muzeyin kolleksiyasındakı rus avanqardının nadir nümunəsi “Şimal heyvanları cənub heyvanlarına qarşı” adlı çini dəst hətta xüsusi incəsənət muzeylərində belə yoxdur. Blokada zamanı Leninqraddan aparılmış şahmat dəsti, birinci “Kosmos-Yer” matçı zamanı istifadə olunmuş şahmat dəsti kimi dəyərli dəstlər də kolleksiyanın vacib hissəsidir.
Muzeyi fərqləndirən xüsusiyyətlərdən biri də burada sovet və rusiyalı şahmatçıların qazandıqları mükafatların mühafizə olunmasıdır. Belə çoxsaylı mükafatlar dünyanın heç bir muzeyində mövcud deyil. Qonaqlar üçün ən maraqlı eksponatlardan biri də 1984-cü ildə Anatoli Karpov–Harri Kasparov matçı zamanı istifadə olunan masadır.