REGİONLAR
Şahmat üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub
Naxçıvan, 12 avqust, AZƏRTAC
Naxçıvan Şəhər Şahmat Mərkəzində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə yeniyetmələr arasında keçirilən şahmat üzrə şəhər birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbirdə çıxış edərək birinciliyin keçirilməsində məqsədin məktəblilərin yay tətilinin və asudə vaxtlarının səmərəli təşkilindən ibarət olduğunu bildirib, şahmatçılara uğurlar arzulayıb.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Naxçıvan Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 8-12 yaş qrupunda 50-dək oğlan və qız şahmatçı iştirak edib. Yarış “İsveçrə” sistemi üzrə keçirilib.
Yarışın yekun nəticəsinə görə qızlar arasında Fatimə Həsənova, Fidan Vəliyeva və Aysu Şıxəlili, oğlanlar arasında isə Hüseyn Qənbərli, Aslan Bağırov və Murad Abbaslı müvafiq olaraq 8, 10 və 12 yaş qrupunda I yerlərə layiq görülərək qalib adını qazanıblar.
Sonda hər yaş qrupunda yer tutan şahmatçılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.