REGİONLAR
Şahmat üzrə açıq birinciliyin qalibləri müəyyənləşib
Naxçıvan, 6 mart, AZƏRTAC
5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Naxçıvan Şahmat Mərkəzində yeniyetmələr, gənclər və veteranlar arasında keçirilən şahmat üzrə mərkəzin açıq birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və muxtar respublikanın Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev çıxış edərək şahmatçıları Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.
Açıq birincilik İsveçrə sistemi üzrə keçirilib və 7 turdan ibarət olub. 80-dən çox zəka sahibinin mübarizə apardığı birinciliyin yekununa əsasən oğlanlar arasında Sadiq Məmmədov, qızlar arasında Nəsrin Babayeva, veteranlar arasında isə Ələddin Bayramov qalib adını qazanıblar.
Sonda qaliblər federasiyanın diplom və kubokları ilə mükafatlandırılıblar.