REGİONLAR
Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinin gündəlik iş saatı artırılıb VİDEO
Naxçıvan, 28 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu il İranın Qərbi Azərbaycan vilayətinə səfəri zamanı əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinin gündəlik iş saatı 10 saatdan 12 saatadək artırılıb.
AZƏRTAC xəbər verir ki, sərhəd-keçid məntəqəsi oktyabrın 29-dan etibarən Bakı vaxtı ilə səhər saat 08:30-dan axşam saat 20:30-dək fəaliyyət göstərəcək.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatına əsasən, iş vaxtının uzadılması vətəndaşların bu sərhəd-keçid məntəqəsindən istifadəsinin daha da yaxşılaşmasına, xarici ticarət dövriyyəsinin artmasına şərait yaradacaq.
Beynəlxalq statusa malik Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsində tətbiq olunan yeniliklərdən biri də yüklü nəqliyyat vasitələrinin buraxılışının təmin olunmasıdır. İran İslam Respublikasının Poldəşt gömrüyünün yenidən qurulması və iş prosesində elektron idarəetmə sisteminin tətbiqinə başlanılması imkan verir ki, muxtar respublikadan xarici ölkələrə və Azərbaycanın digər bölgələrinə gedən və əks istiqamətdə gələn yüklü nəqliyyat vasitələrinin buraxılışı həyata keçirilə bilsin. Bu isə öz növbəsində xarici ticarət əməliyyatları ilə bərabər Naxçıvanın tranzit potensialının artmasına da əlavə stimuldur.
Qeyd edək ki, 2007-ci ildə Araz çayı üzərində yeni Şahtaxtı-Poldəşt körpüsünün tikilib istifadəyə verilməsi, 2009-cu ildə Şahtaxtı Gömrük İdarəsi üçün müasir kompleksin qurulması, burada əlverişli iş şəraitinin yaradılması 185 ildən çox tarixi olan bu gömrük orqanının fəaliyyətinin artırılmasına və günün tələbləri səviyyəsində qurulmasına hesablanmış addımlar idi. Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının yaxın vilayətləri arasında bütün sahələrdə qarşılıqlı münasibətlərin ilbəil möhkəmlənməsi fonunda gömrük əlaqələrinin də inkişafı onu deməyə əsas verir ki, gələcəkdə Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsi maksimum gücü ilə fəaliyyət göstərəcək.