REGİONLAR
Şahtaxtı kənd məktəbi öz fəaliyyətini Zərifə Əliyevanın adına layiq qurmağa çalışır
Kəngərli, 28 aprel, Rauf Əliyev, AZƏRTAC
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva ilə bütün Azərbaycan xalqı kimi, onun doğulub boya-başa çatdığı Kəngərli rayonun Şahtaxtı kəndinin sakinləri, böyük alimin təhsil aldığı məktəbin kollektivi də qürur hissi keçirir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər görkəmli elm xadiminin anadan olmasının 93-cü ildönümü münasibətilə aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində keçirilən tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Zərifə xanım Əliyevanın məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyub, adını daşıyan muzeyə baxıblar.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov bildirib ki, akademik Zərifə xanım Əliyevanın yüksək mənəvi zənginliyə malik irsi bu gün hər birimiz üçün əhəmiyyətlidir. Məhz Zərifə xanımın böyük zəhməti sayəsində Azərbaycanda oftalmologiya sahəsində mühüm elmi nailiyyətlər qazanılıb. Görkəmli oftalmoloqun adını daşıyan Şahtaxtı kənd tam orta məktəbi də öz fəaliyyətini onun adına layiq qurmağa çalışır.
Sonra məktəbin direktoru Bayram Şirəliyev “Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti”, məktəbin müəllimlərindən Azərbaycan Respublikasının Əməkdar Müəllimi Həmidə Mirzəyeva “Zərifə xanım Əliyevanın ömür yolu bugünkü şagirdlər üçün əsl nümunədir”, Arifə Əhmədova “Gözlərə nur bəxş edən insan” mövzularında məruzələr ediblər.
Bildirilib ki, taleyini tibb elminə həsr edən görkəmli alim oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində səmərəli elmi araşdırmalar aparıb.
Vurğulanıb ki, Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub. Bu mənada oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi böyük alimin adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları ona böyük şöhrət gətirib.
Daha sonra məktəbin şagirdləri Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər səsləndiriblər.
Tədbirdə görkəmli alimin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.