DÜNYA
Şahzadə Diananın qardaşı bacısının cəsədinin oğurlanması cəhdlərindən danışıb
Bakı, 27 iyul, AZƏRTAC
Şahzadə Diananın qardaşı qraf Erl Spenser bildirib ki, bacısının cəsədini oğurlamağa azı dörd dəfə cəhd göstərilib.
AZƏRTAC xəbər verir ki, çox güman, cinayətkarlar “böyük sərvət axtarışında” şahzadənin məzarının və qalıqlarının şəklini çəkmək istəyiblər.
Qraf Erl deyib: ”Son 20 ildə onun qalıqlarını oğurlamağa dörd dəfə cəhd göstərilib və mən çox şadam ki, biz bunların hamısından vaxtında xəbər tutmuşuq”.
Qızlıq soyadı Diana Frensis Spenser olan şahzadə Diana 1997-ci il avqustun 31-də Parisdə avtomobil qəzasında həlak olub. Avtomobildə onunla bərabər, misirli milyarderin oğlu Dodi al-Fayed və sürücü Anri Pol olub. Qəzanın səbəbləri hələ də tam aydın deyil. Bir neçə versiya, o cümlədən sürücünün içkili vəziyyətdə olması, paparassilərin təqiblərindən gizlənmək cəhdi versiyaları, habelə müxtəlif sui-qəsd nəzəriyyələri mövcuddur.
Şahzadə Diana Spenserlərin Northemptonşirdə ailə malikanəsi ərazisində dəfn edilib.