İDMAN
Saidxan Sayfuddinov: İslamiadada mükafatlı yer tutmaq böyük şərəfdir
Bakı, 13 may, Əziz Məmmədov, AZƏRTAC
İslam Həmrəyliyi Oyunlarına səylə hazırlaşmışam. Fəxri kürsüyə çıxanda təəssüf etdim ki, Oyunların çempionu ola bilmədim, amma üçüncü yer də pis nəticə deyildir. İslamiadada mükafatlı yer tutmaq böyük şərəfdir.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində “Bakı-2017” Oyunlarının pnevmatik tüfəngdən 10 metr məsafəyə atəşaçma yarışlarının bürünc mükafatçısı, Özbəkistan idmançısı Saidxan Sayfuddinov söyləyib.
Bakıya səfəri və İslamiadanın təşkili barədə təəssüratlarını bölüşən özbək atlet deyib: “Bakının gözəlliyinə valeh olmuşam. Burada qədim arxitektura ilə müasir dizayn harmoniya təşkil edir. “Bakı-2017” Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu da qeyd etmək istəyirəm. Bakı Atıcılıq Mərkəzi və Atletlər Kəndi xüsusilə xoşuma gəldi. Ölkəniz barədə məndə çox yaxşı təəssürat yarandı. Burada çoxlu yaxşı dost qazandım”.