REGİONLAR
Şair Baba Vəziroğlu Sumqayıt oxucularının qonağı olub
Sumqayıt, 18 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxanasının oxucuları Əməkdar İncəsənət Xadimi, şair Baba Vəziroğlu ilə görüşüblər. Tədbir Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru Yeganə Əhmədova görüşün məqsədi barədə oxuculara məlumat verib.
Tədbirin qonaqları Əşrəf Şəfiyev, Şeyx Əbdül Mahmudbəyov Baba Vəziroğlunun həyatı və yaradıcılığı barədə geniş məlumat verib, oxucularla söhbət ediblər.
Sonra çıxış edən şair Baba Vəziroğlu görüşün təşkilinə görə kitabxananın kollektivinə təşəkkür edib. Paytaxtdan kənarda belə bir kitabxananın mövcudluğunu və fəaliyyətini, gənc nəslin yenidən kitaba və kitabxanaya üz tutmasını təqdir edən şair bildirib ki, kitaba qayıdış hər bir cəmiyyətin həyatında dönüş nöqtəsidir. Bu gün gəncliyin kitabla ünsiyyəti böyük hadisədir və Azərbaycanın işıqlı gələcəyindən xəbər verir. “İnsan maddi sərvəti ilə deyil, savadı, təhsili ilə öndə olmalıdır”, - deyən şair milli-mənəvi, dini dəyərlərimiz, milli bayramlarımız, o cümlədən Novruz bayramının tarixi və digər mövzularla bağlı oxucularla səmimi söhbət edib, fikirlərini bölüşüb, sualları cavablandırıb.
Sonda oxucular şairin ifasında şeirlərini dinləyib, xatirə şəkli çəkdiriblər.