REGİONLAR


Şair Eldar Nəsibli Sibirelin “Seçilmiş əsərləri” kitabı təqdim olunub

Qazax, 6 iyun, Famil Quliyev, AZƏRTAC

Şair Eldar Nəsibli Sibirel cəmi 58 il yaşadı. Ömrünün qısa olmasına və ölümündən 7 il keçməsinə baxmayaraq o, bu gün bütün şeirsevərlərin qəlbində görkəmli söz ustadı, unudulmaz şair kimi yer tutub.

AZƏRTAC xəbər verir ki, anadan olmasının 65-ci ildönümündə şairin yenicə çapdan çıxmış “Seçilmiş əsərlər”inin təqdimat mərasimi olub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ədəbiyyat Muzeyində keçirilən mərasimi açaraq E.Sibirelin “Seçilmiş əsərlər”inə onun müxtəlif illərdə yazılmış şeirlərinin daxil edildiyini bildirib. Qeyd olunub ki, Eldar şeirlərində ana yurdun bənzərsiz gözəlliklərini, bəşəri hissləri, Vətən həsrətini özünəməxsus şəkildə vəsf edib. Dünyadan vaxtsız getməsinə baxmayaraq, təkcə “Bura Qazaxdır, oğlum” şeiri ilə çoxlarının qəlbinə yol tapıb.

Sonra tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal, filialın ədəbi məsləhətçisi Mustafa Rasimoğlu E.Sibirelin həyat və fəaliyyəti haqqında məlumat veriblər.

Şairlərdən Ələddin İncəli, Rəfael İncəyurd, Cavanşir Rüstəm, Saqif Qaratorpaq, publisist Səbinə Yusif E.Sibirelin yaradıcılığından söz açıb, ona həsr etdikləri şeirləri oxuyublar.

Respublikanın Əməkdar Məşqçisi Ramiz Tağıyev, Əməkdar Jurnalist Sərhəd Məmmədov şairlə dostluqlarından, tələbəlik illərindən söz açıblar.

E.Sibirelin “Bura Qazaxdır, oğlum” şeirinə mahnı bəstələmiş Vahid Qurbanov çıxış edərək, mahnının necə ərsəyə gəlməsindən bəhs edib.

Aşıqlardan Saqif Məzəmli, Samir Cəlaloğlu, İlqar Qələmçəli qədim saz havaları üstündə şairin şeirlərini səsləndiriblər.

Nəşrin ərsəyə gəlməsinə köməklik göstərən Milli Məclisin deputatı Kamran Nəbizadə təqdimat mərasimində çıxış edərək E.Sibirel haqqında ürək sözlərini bildirib.

E.Sibirelin nəvəsi Leylanın ifa etdiyi babasının “Görünür” şeiri alqışlarla qarşılanıb.

Sonda şairin qardaşı, “Ocaq” qəzetinin baş redaktoru, şair Vəli Xramçaylı göstərilən diqqət və qayğıya, belə yüksək səviyyədə tədbir təşkil etdiyinə görə rayon rəhbərliyinə E.Sibirelin ailəsi və öz adından minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.