ELM VƏ TƏHSİL
Şair Oqtay Rzanın 80 illik yubileyi qeyd edilib
Bakı, 27 noyabr, AZƏRTAC
Noyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu ali məktəbin dosenti, şair Oqtay Rzanın 80 illik yubileyi qeyd edilib.
Mərasimdə ADPU-nun filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov çıxış edərək Oqtay Rzanın həyat və yaradıcılığı haqqında danışıb.
Bildirilib ki, 1934-cü ildə Salyan rayonunda anadan olan Oqtay Rza Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) geologiya-kəşfiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Oqtay Rza “Bir may” adlı ilk şeirini orta məktəbdə oxuyarkən yazıb. O, “Torpağı dinləyirəm”, “Ürəyimi oxuyun”, “Hara gedirəmsə”, “Yasəmən çiçəkləyəndə”, “Daş çırağın işığında” və digər şeir kitablarının müəllifidir. Oqtay Rzanın şeirləri çoxsahəli və müasirdir, eyni zamanda milli ənənələrdən qaynaqlanır.
Tədbirdə ADPU-nun dosenti Vaqif Əliyev, coğrafiya və çağırışaqədər hazırlıq fakültəsinin dekanı Mətanət Əsgərova və digərləri çıxış edərək yubilyarı təbrik ediblər.
Şairə universitetin fəxri fərmanı təqdim edilib.
Sonda O.Rza tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
Mərasim bədii hissə ilə davam edib.