MƏDƏNİYYƏT
Şair, publisist Əjdər Fərzəlinin xatirəsi anılıb
Bakı, 23 may, Z.Mansurova, C.Alışov, AZƏRTAC
Mayın 23-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tədqiqatçı alim, publisist, şair Əjdər Fərzəlinin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, AYB-nin C.Cabbarlı Komissiyasının və “AQRA” Elmin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri Ə.Fərzəlinin həyat və yaradıcılığından söhbət açıblar.
AYB-nin katibi Rəşad Məcid çıxış edərək şairin keçdiyi şərəfli ömür yoluna nəzər salıb. Diqqətə çatdırıb ki, Ağcabədi şəhərində dünyaya gələn Ə.Fərzəli tələbə vaxtlarından başlayaraq şeirlər yazıb. O, həm də tədqiqatla məşğul olub, alim kimi bir çox monumental əsərlər yazıb. Alim-şairin yaradıcılıq irsinə 19 kitab, 300-dən çox elmi məqalə daxildir. O, 1976-cı ildən ömrünün sonunadək əsas gücünü “Gəmiqaya-Qobustan” abidələrinin tədqiqinə sərf edib. Ə.Fərzəlinin bu abidələrlə bağlı silsilə monoqrafiyalarında irəli sürdüyü fikirlər, apardığı elmi təhlillər, çıxardığı nəticələr sonralar alimlərin yeni-yeni tədqiqatları ilə təsdiqlənib. Ə.Fərzəli “Gəmiqaya-Qobustan” rəsmlərini ilk dəfə elmi-tarixi, müqayisəli və metodoloji cəhətdən sistemli şəkildə təhlil edib. Onun mühüm kəşflərindən biri də çoxşəkilli-çoxişarəli qədim Azərbaycan əlifbasıdır.
Tədbirdə Milli Məclisin deputatı Aqil Abbas, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmli, AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, professor Buludxan Xəlilov, şair-publisist Əli Rza Xələfli və başqaları Ə.Fərzəlinin yaradıcılığından, elmi-ədəbi xidmətlərindən danışaraq onunla bağlı xatirələrini bölüşüblər.
Bildirilib ki, ədəbiyyat və elm xəzinəmizə “Yolçu, yolun uzaqdır, ”Dədə Qorqud yolu”, “Torpaqdan səs gəlir”, “Yanır bütün pərvanələr”, “Körpü”, “Azadlıq dilində danışaq”, “Nizami zirvəsi”, “Hamı yenidən doğulmalıdır”, “Dədə Qorqud sözü”, “Salam, Layısqı dağları” kimi onlarla kitablar bəxş edən şairin xatirəsi ürəklərdə yaşayacaq.
Tədbir çərçivəsində Milli Kitabxananın şairin xatirəsinə ithaf olaraq ikinci dəfə nəşr etdirdiyi “Gəmiqaya-Qobustan mədəniyyəti” kitabının təqdimatı keçirilib.