MƏDƏNİYYƏT
Şair-publisist Azadə Taleh Abbasqızının 50 illik yubileyi qeyd edilib
Gəncə, 1 mart, AZƏRTAC
Martın 1-də Gəncədəki mərkəzləşdirilmiş kitabxana sisteminin oxucu zalında tanınmış şair-publisist, həkim Azadə Taleh Abbasqızının 50 illik yubileyi və yeni çapdan çıxmış seçilmiş əsərlərinin birinci cildinin təqdimatı keçirilib.
Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri, şairə Xəzangül tədbirdə çıxış edərək Azadə Taleh Abbasqızının həyat və yaradıcılığından danışıb. Bildirib ki, həkimliklə yanaşı, ədəbi yaradıcılıqla da məşğul olan Azadə Hüseynova çoxlu şeirlər yazaraq ətrafına minlərlə pərəstişkar toplayıb. 1995-ci ildən Respublika Jurnalistlər Birliyinin, 2003-cü ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Azadə yaradıcılığının əhatə dairəsini genişləndirib, “Qafqaz press” informasiya agentliyini və “Borçalı” qəzetini təsis edib. O, “Qafqaz media” İctimai Birliyinin sədri, eyni zamanda, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşıdır.
Tədbirdə digər çıxış edənlər bacarıqlı həkim, xeyirxah insan Azadə Taleh Abbasqızını yubiley münasibətilə təbrik edib, ona ən xoş arzularını bildiriblər.
Azadə Taleh Abbasqızı onu sevən, yaradıcılığına hörmətlə yanaşmaqla yubiley tədbirində iştirak edənlərin hər birinə minnətdarlığını bildirib.