MƏDƏNİYYƏT


Şairin iki kitabının təqdimatı keçirilib

Bakı, 9 iyun, Zərəngiz Mansurova, AZƏRTAC

İyunun 9-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Camal Zeynaloğlunun “Cəsur kəşfiyyatçı, igid partizan” və “Snayper qız” kitablarının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə tanınmış jurnalist Məzahir Süleymanlı birinci kitabın igid azərbaycanlı döyüşçü Xanlar Babanlının həyat və keçdiyi döyüş yolundan bəhs etdiyini bildirib.

Qeyd edib ki, kitab Böyük Vətən müharibəsi illərində Ukrayna torpağında gizli partizan hərəkatında misli görünməmiş qəhrəmanlıqlar göstərmiş, alman faşistlərinə qan uddurmuş istedadlı aktyor, igid döyüşçü, cəsur partizan Xanlar Babanlının keçdiyi məşəqqətli döyüş yoluna işıq salır. İkinci kitabın da müharibə mövzusunu əks etdirildiyini vurğulayıb.

“Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Hüseynova, AYB-nin şöbə müdiri Arifə Əliyeva, “Zirvə” İnformasiya Mərkəzinin baş redaktoru Müşfiq Çobanlı, şairlər Süleyman Mustafaoğlu, Zərəngiz Qayalı, Sona İsmayılova, Qalibə Cəfərova, Samir Abdullayev və başqaları xalqımızın igid oğlu Xanlar Babanlının Böyük Vətən müharibəsində Ukraynada partizan dəstəsində göstərdiyi igidliyin bu gün gənclərə nümunə olduğunu söyləyiblər. İkinci “Snayper qız” kitabı da ölkəmizdə gedən qanlı döyüşlərdən, Vətən oğulları ilə birgə cəbhədə şücaət göstərən qəhrəman qızlarımızdan bəhs edir.

Çıxış edənlər təkcə bu iki kitabda deyil, şair-publisistin bundan əvvəl də yazdığı “Ağrılı düşüncələrim”, “Baş tutmayan intihar”, “Quru çörək”, “Gizli eşq” və digər onlarla əsəri ilə cəmiyyətimizin saflaşmasında, gənclərin əxlaqi dəyərlərimizə yiyələnməsində böyük xidmətləri olduğunu bildiriblər.

Tədbirdə müəllifə “Qafqaz Media” İctimai Birliyinin və digər qurumların fəxri diplomları təqdim olunub.

Sonda C.Zeynaloğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.