DÜNYA
Sakuranın çiçək açması Yaponiyada ən çox sevilən bayramlardan biridir VİDEO
Tokio, 1 aprel, AZƏRTAC
Tokioda “O-hanami” - sakuranın çiçək açması festivalı yerli əhali və turistlər tərəfindən ən çox sevilən bayramlardan biridir.
Bu festival hər il martın 31-dən başlayır və Tokioda Yaponiyanın rəmzinə çevrilmiş gilənar ağacının Uzaq Şərq növlərindən biri olan sakuranın çiçəklənməsinə həsr olunub. “O-hanami” Yaponiyada rəsmi bayram sayılmasa da, yaponlar tərəfindən geniş qeyd edilir. Həmin vaxt Yaponiyada olan əcnəbilər də bu bayrama böyük həvəslə qatılırlar.
Min ildən çox dövrü əhatə edən sakuranın çiçəklərindən zövq almaq bayramının əsası, İmperator sarayında Heyan dövründə (794-1185-ci illər) qoyulub. Həmin dövrün əsilzadələri çiçək açmış ağacların altında yüngül içkilərdən, müxtəlif oyunlardan və poeziyadan zövq almağı çox xoşlayırdılar. Onlar sakuranın qısamüddətli, lakin parlaq çiçəklərində dərin məna görürdülər. Həyatın sürətlə keçməsini sakuranın qısa dövrdə tökülən çiçəklərinə bənzədənlər bunun böyük cəsarət və paklıq rəmzi olduğunu düşünürdülər.
Yaponiyada sakuranın beş əsas və bağbanlar tərəfindən calaq edilərək yetişdirilmiş 200-dən artıq növü məlumdur.
Paytaxtda sakura çiçəklərindən zövq almaq vaxtını Tokionun mərkəzində yerləşən Yasukuni sintoist məbədindəki sakuraların çiçəklənməsi xəbər verir. Sakura ağaclarının daha çox olduğu parklar, xüsusən də 1000-dən artıq sakura ağacının yerləşdiyi Ueno parkı insanların sevimli gəzinti yerinə çevrilir. Sakinlərin və paytaxtın qonaqlarının böyük əksəriyyəti bu parka gələrək, sakura çiçəklərinin çəhrayı rənginin müxtəlif çalarlarına bürünmüş ağaclardan zövq alırlar. Qədim ənənəyə uyğun olaraq, yüzlərlə yapon sakura ağaclarının altında məclis qurur və çiçəklərin ləçəklərinin tökülməsini xüsusi maraqla izləyirlər.
Bütün ölkə boyunca təxminən bir ay davam edən və cənubdan şimala uzanan sakuranın çiçəkləmə dövründə parklarda həvəskar aktyorların çıxışları da maraqla izlənir.
Aprelin əvvəlində cənubda başlayan sakuraların çiçəkləməsi “dalğası” sürətlə uzanaraq mayda Hokkaydo adasına gedib çatır. Mayın ilk günlərində Yaponiyanın şimalında yerləşən Akita, İvate və Aomori prefekturalarının parklarını sakura çiçəklərinin müxtəlif çalarları öz qoynuna alır. Təqribən bir aydan çox davam edən “O-hanami” sakura çiçəklərinin gözəlliyini seyr etmək üçün Yaponiyaya üz tutanların sayının xeyli artmasına səbəb olur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio