SİYASƏT


Salomeya Lukaite: “Azərbaycan xalqına yenidən aşiq oldum”

A+ A

Bakı, 20 oktyabr, AZƏRTAC

Litva Pedaqoji Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi zamanı öyrəndiklərim mənim üçün Azərbaycanın tarixi, mədəniyyəti və insanları haqqında ilk məlumatlar idi. Üçüncü beynəlxalq multikulturalizm məktəbi ərzində nəzəriyyə şəklində öyrəndiklərimi əyani şəkildə yaşamaq şansım oldu. Bu müddət ərzində həm də öyrəndim ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu fikirləri “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin həmtəsisçisi Salomeya Lukaite Azərbaycan, eləcə də ölkəmizin multikulturalizm modeli haqqında təəssüratlarını bölüşərkən deyib.

“Hazırda dünyada etnik və dini dözümsüzlüyün get-gedə artdığı, Avropanın multikulturalizmdən imtina etdiyi bir vaxtda Prezidentin bu addımı alqışa layiqdir”, - deyən S.Lukaite yay məktəbinin davam etdiyi müddətdə multikulturalizmin Azərbaycanda dövlət siyasəti olması ilə yanaşı, çoxəsrlik həyat tərzi olduğunu da gördüyünü vurğulayıb. O deyib: “Yay məktəbi zamanı “Mədəniyyətlər axşamı”nda müxtəlif ölkələrin mədəniyyətləri, adət-ənənələri ilə tanış olmaq imkanım yarandı. Respublikanızın səfalı guşələrindən olan Qəbələdə ərəb, rus, bolqar, türk, Azərbaycan musiqilərinin sədaları altında müxtəlif ölkələrdən gələn gənclərin qol-qola, əl-ələ rəqsləri nadir Azərbaycan multikulturalizminin parlaq tablosu kimi yaddaşıma həkk olub. Azərbaycanla bağlı ilk təcrübəmi ailəmlə və dostlarımla bölüşəndə onlar da bu ölkəyə səfər etmək arzularını bildirdilər.

Məhz bütün bu zəngin təəssüratların nəticəsi idi ki, hələ yay məktəbində ikən Yunanıstanın Afina Universitetinin tələbəsi Dimitrios Asproulislə birgə “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyini təsis etmək ideyası yarandı. Bu fikrimiz yay məktəbinin digər iştirakçıları tərəfindən də təqdirlə qarşılandı. Birliyin həmsədrlərindən biri kimi düşünürəm ki, “Azərbaycanın Gənc Dostları Klubu”nun əhatə dairəsini genişləndirmək üçün dünyanın müxtəlif yerlərində təqdimatların sayını artırmaq lazımdır. Mən bu barədə öz ölkəmdə müxtəlif tədbirlər, məlumatverici görüşlər təşkil etməyi planlaşdırıram. İlk belə görüş sentyabr ayında baş tutub. Litva Pedaqoji Universitetində həmkarlarımla birlikdə Azərbaycan multikulturalizmi ilə bağlı “dəyirmi masa” formasında müzakirələr apardıq. Mən Azərbaycan multikulturalizminin spesifik xüsusiyyətləri ilə bağlı təəssüratlarımı bölüşdüm, eyniadlı fənnin tədrisinin Litva Pedaqoji Universitetində davam etdirilməsinin vacibliyini vurğuladım, həmkarlarımı maraqlandıran sualları cavablandırdım.

Bu günlərdə Litva Pedaqoji Universitetində daha bir önəmli tədbir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təşkil etdiyimiz bayram toplantısı oldu. Universitetdə Azərbaycan multikulturalizmi fənninin dinləyiciləri, həmkarlarım və azərbaycansevərlərlə görüş yaddaqalan idi. Burada biz sevdiyimiz bu ölkənin 25 il ərzində keçdiyi şərəfli ömür yolunu vərəqlədik. Azərbaycanın 25 il ərzində istiqlal yolunda qarşılaşdığı çətinlikləri aşaraq tərəqqi və inkişafın zirvəsinə inamla addımlaması ilə bağlı çıxışlarda mənə məlum olmayan yeni faktlarla tanış olduqca bu ölkəni bir daha sevdim, Azərbaycan xalqına yenidən aşiq oldum”.

S.Lukaite qeyd edib ki, birliyin fəaliyyətə başladığı qısa müddət ərzində xeyli sayda xarici ölkələrin gəncləri “Azərbaycanın Gənc Dostları Klubu”na üzv olmaq üçün müraciət ediblər. O, əminliyini bildirib ki, klub yaxın gələcəkdə Azərbaycan həqiqətlərini xarici ölkələrdə təbliğ etmək, beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mobil qruplara çevriləcək.

“Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi 2016-cı ilin yayında BBMM-in və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən və 16 ölkədən 50-dən çox tələbənin iştirak etdiyi “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstanın Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təşəbbüsü ilə təsis edilib. Birliyin üzvlüyündə indiyədək ölkəmizdə təşkil olunmuş beynəlxalq multikulturalizm məktəblərinin xarici tələbələri, eləcə də 20 xarici ölkədəki universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu fakültələrin dinləyiciləri, həmçinin həmin tələbələrin təbliğatı ilə Azərbaycanı tanıyan, sevən xarici gənclər təmsil olunur. Birlik klubun üzvü olan xarici gənclərə Azərbaycanda təhsil almaq imkanı yaratmağı, ölkəmizlə bağlı aparacaqları tədqiqatlarda onlara yardımçı olmağı, Azərbaycan dilini və mədəniyyətini öyrənməyə maraqlı olan hər bir üzvə dəstək göstərməyi nəzərdə tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.