İQTİSADİYYAT
Saltuk Düzyol: TANAP-ın inşası üzrə 1350 kilometr boruların qaynağı tamamlanıb
Bakı, 24 yanvar, Nihad Budaqov, AZƏRTAC
Trans-Anadolu qaz boru kəmərinin (TANAP) quru hissəsinin inşası çərçivəsində 4 lot üzrə indiyədək 1574 kilometr uzunluğunda xəndək qazılıb. Boru kəmərinin 56 düym diametrli və ümumilikdə 1334 kilometr uzunluğundakı ilk üç lotu üzrə xəndəyin qazılması artıq yekunlaşıb.
Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.
O bildirib ki, bu vaxtadək TANAP-ın 4 lotu üzrə 1430 kilometr borular marşrut xətti boyunca düzülüb. Əsas xətt üzrə isə 1350 kilometr uzunluğunda boruların qaynağı tamamlanıb.
“Həmçinin ilk üç lot üzrə yanvarın sonuna nəzərdə tutulan ümumilikdə boruların hər seksiya üçün qaynağının 60 faizi və boruların basdırılmasının 60 faizi Lot-1, Lot-2 və Lot-3 üçün müvafiq olaraq 36, 15 və 55 gün əvvəl başa çatdırılıb”, - deyə S.Düzyol əlavə edib.
TANAP-ın baş direktoru deyib ki, hazırda boru kəmərinin inşası işləri çərçivəsində xətt boyunca daimi və mobil düşərgə sahələrində, eləcə də stansiyaların və “Telecom-Scada” sisteminin tikintisi işlərində 9 min işçi çalışır. TANAP-ın mərkəzi və əyalətlərdəki sahələrində xidmət göstərən şəxsi heyətlə birlikdə bu rəqəm 10 min nəfərə çatır. Layihə üzrə avadanlıqla təmin edən və xidmət göstərən digər böyük, orta və kiçik müəssisələrdə işlərə cəlb edilənlərlə birlikdə TANAP-da çalışanların ümumi sayı 15 min nəfərdir.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub” qaz dəhlizinin tərkib hissəsi olan digər layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Boru kəmərinə tələb olunan kapital xərcləri 8,5 milyard ABŞ dollarıdır. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur. TANAP layihəsi üzrə işlərin 60 faizi tamamlanıb.
Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.