İQTİSADİYYAT
Saltuk Düzyol: TANAP-ın inşası üzrə 990 kilometr boruların qaynağı tamamlanıb
Bakı, 13 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Trans-Anadolu qaz boru kəmərinin (TANAP) inşası çərçivəsində 4 lot üzrə indiyədək 1326 kilometr uzunluğunda xəndək qazılıb və 1110 kilometr boru marşrut xətti boyunca düzülüb. 990 kilometr uzunluğunda boruların isə qaynağı tamamlanıb.
Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.
O bildirib ki, hazırda boru kəmərinin tikintisi işləri çərçivəsində sahələrdə 8 min 560 işçi çalışır. Ümumilikdə layihə üzrə işlərə isə 9 min 180 nəfər cəlb edilib.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan digər layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Boru kəmərinə tələb olunan kapital xərcləri 9,2 milyard ABŞ dollarıdır. Bu il Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinə 2 milyard 809 milyon dollar vəsait ayıracağı planlaşdırılır və bu həcmin 55,7 faizi yaxud da 1,566 milyard dolları TANAP-a sərf ediləcək. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.
Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.