İQTİSADİYYAT


Saltuk Düzyol: TANAP-ın tikintisi 2018-ci il iyunun sonunadək başa çatacaq

A+ A

Bakı, 11 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Azərbaycan təbii qazının Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisi 2018-ci ilin iyun ayının sonunadək başa çatacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresindəki çıxışında TANAP-ın baş direktoru Saltuk Düzyol məlumat verib. O qeyd edib ki, layihə üzrə işlər qrafikə uyğun davam edir.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Boru kəmərinə tələb olunan kapital xərcləri 9,2 milyard dollardır. Bu il Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinə 2 milyard 809 milyon dollar vəsait ayıracağı planlaşdırılır və bu həcmin 55,7 faizi yaxud da 1,566 milyard dolları TANAP-a sərf ediləcək. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.

Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var. Bu ilin avqust ayınadək TANAP layihəsi üzrə iş həcminin 31,4 faizi yerinə yetirilib. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.