REGİONLAR
Salyan: bu il 63 min tondan çox taxıl istehsalı gözlənilir
Salyan, 2 iyun, Mahir Babayev, AZƏRTAC
Salyanda fərdi fermer təsərrüfatlarında arpa biçininə başlanılıb.
AZƏRTAC xəbər verir ki, ötən ilin payızında rayonda 22 min 578 hektarda taxıl əkilib. Bunun 12 min 835 hektarı arpa, 9 min 743 hektarı isə buğdadır.
Keçən il hər hektar taxıl sahəsindən 30,5 sentner məhsul götürən fermerlər cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə aqrotexniki qaydada qulluq göstərib, vaxtında mineral və üzü gübrələr verib, ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlər görüblər. Bunun nəticəsində də sahələrdə bol məhsul yetişib.
Artıq bir neçə gündür ki, rayonda taxıl yığımına başlanılıb. İndi əsas diqqət biçim kompaniyasının vaxtında başa çatdırılmasına yönəldilib. Bu məqsədlə sahələrə 40 kombayn çıxarılıb, 52 presbağlayan, məhsulun daşınması üçün 150 maşın və mexanizm səfərbər olunub. İşin yaxşı təşkili nəticəsində gün ərzində 200-250 hektar sahədə biçin aparılır, hektardan təxminən 31 sentner məhsul yığılır. Taxıl istehsalı ilə məşğul olan mülkiyyətçilərə dövlət tərəfindən yanacaq və sürtkü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına subsidiya verilməsi intensiv istehsalı stimullaşdırıb. Mütəxəssislərin dediyinə görə, bu il rayonda təxminən 63 min tondan çox taxıl istehsalı gözlənilir.
Məhsulun yığılması, daşınması və saxlanması dövründə yanğın hadisələrinin baş verməməsi üçün təsərrüfatlarda lazımi təhlükəsizlik tədbirləri görülüb, maarifləndirmə işləri aparılıb, təsərrüfat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sahələrdən məhsulun optimal müddətdə və itkisiz yığılması üçün rayon icra hakimiyyətində operativ qərargah yaradılıb.