REGİONLAR
Salyan: ixtisaslaşdırılmış kurslarda referendumla bağlı bütün məsələlərə aydınlıq gətirilib
Salyan, 24 avqust, Mahir Babayev, AZƏRTAC
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən bölgələrdə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün üçgünlük ixtisaslaşdırılmış kurslar başa çatıb.
AZƏRTAC xəbər verir ki, avqustun 24-də 59 saylı Salyan seçki dairəsi dairə seçki komissiyasında dairə seçki komissiyası üzvlərinin və 40 məntəqə seçki komissiyası sədrlərinin iştirak etdiyi kursda rayon prokuroru Firdovsi Nemətli iştirakçılara “Referendumun subyektləri, referendumda iştirak hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri” mövzusunda məlumat verib.
Kursların üçüncü günü keçirilən seminarda 59 saylı dairə seçki komissiyasının sədri Səlamət Kərimov “Referendumun keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi və bu istiqamətdə məntəqə seçki komissiyalarının fəaliyyətinin təşkili və vəzifələri” mövzusunda çıxış edib.
Diskussiya şəklində davam edən təlim məşğələsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, referendumla bağlı bütün məsələlərə aydınlıq gətirilib.
Aran bölgəsində fəaliyyət göstərən 58 saylı Hacıqabul-Kürdəmir, 59 saylı Salyan, 60 saylı Salyan-Neftçala, 61 saylı Neftçala, 62 saylı Saatlı, 63 saylı Sabirabad I, 64 saylı Sabirabad II, 65 saylı Saatlı, Sabirabad, Kürdəmir, 66 saylı Biləsuvar, 79 saylı İmişli , 80 saylı İmişli-Beyləqan və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairələrində də ixtisaslaşdırılmış kurslar başa çatıb.