CƏMİYYƏT
Salyan rayon sakinindən altı kiloqramdan çox narkotik vasitə götürülüb
Bakı, 28 mart, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışına və dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat məlumatı əsasında Qaraçala kəndində yaşayan Elşən Məmmədovun evinə baxış zamanı 3 kiloqram 555 qram tiryək, 2 kiloqram 508,69 qram marixuana, 10 qram çətənə toxumu, 4 ədəd avtomat patronu və 1 bıçaq aşkar edərək götürüblər.
Baş Narkotiklərlə Mübarizə İdarəsi və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Cəfərovdan 10,105 qram, yaşadığı evə baxış zamanı isə 1 kiloqram 200 qram marixuana aşkarlanaraq götürülüb.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.