RƏSMİ SƏNƏDLƏR


Salyan şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

A+ A

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Salyan rayonunun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin yerinə yetirilməsi və ümumilikdə əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilmiş, əsas kapitala yönəldilmiş vəsait 55,2 dəfə, tikinti-quraşdırma işləri 101,8 dəfə artmış, Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, əlil və şəhid ailələri üçün ümumilikdə 40 mənzilli 3 yaşayış binası inşa edilmiş, Mərkəzi rayon Xəstəxanası yenidən qurulmuş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, 43 kənddə sutəmizləyici qurğular quraşdırılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, iri istehsal və emal müəssisələri yaradılmış, 16 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Salyan şəhərində 1200 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi məqsədi ilə qərara alıram:

1. Salyan şəhərində 1200 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Salyan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 sentyabr 2016-cı il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır